Serbiya Prezidenti Aleksandar Vuçiç haqqında irəli sürülən iddia məhkəməyə daşınıb. Vuçiçin Bosniya müharibəsi zamanı snayper kimi fəaliyyət göstərdiyi iddia edilir.
İtaliyanın Milan şəhərində Serbiya Prezidenti Aleksandar Vuçiçin 1992–1995-ci illər Bosniya müharibəsi zamanı Sarayevoda snayper olduğu iddiası ilə prokurorluğa şikayət təqdim edildiyi bildirilib.
İtaliya xəbər agentliyi ANSA-nın məlumatına görə, şikayət xorvatiyalı araşdırmaçı jurnalist Domoqoy Margetiç tərəfindən Milan Respublika Prokurorluğuna verilib.
Jurnalist Margetiç şikayət ərizəsində Vuçiçin Bosniya müharibəsi zamanı serb milliyyətçilərinin mülki şəxsləri hədəfə aldığı Sarayevodakı hərbi mövqelərdə olduğunu və burada snayper kimi xidmət etdiyini iddia edib.
Margetiçin Vuçiçin guya həmin dövrdəki fəaliyyəti ilə bağlı müəyyən sübutları da Baş Prokurorluğa təqdim etdiyi bildirilir.
Bu şikayətin, İtaliyada daha əvvəl jurnalist Ezio Qavazzeninin müraciəti əsasında başlanan və “müharibə turizmi” kimi tanınan hadisə ilə bağlı aparılan istintaq çərçivəsində meydana çıxdığı qeyd olunur.
Daha əvvəl yayılan məlumatlara görə, Bosniya müharibəsi (1992–1995) zamanı İtaliya, Kanada və ABŞ kimi ölkələrdən bəzi şəxslərin 200–300 min avro ödəməklə həftəsonları döyüşlərə qatıldığı və boşnak mülki vətəndaşların qətlində iştirak etdiyi iddia olunmuşdu.
Milan Respublika Prokurorluğu Serbiya Prezidenti Aleksandar Vuçiç barəsindəki iddiaları və təqdim olunan dəlilləri araşdırmağa başlayıb.