Böyük Britaniyanın Uels bölgəsində qoturluq xəstəliyinin yayılması səbəbindən bir neçə xəstəxana şöbəsinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb. Yoluxmanın qarşısını almaq üçün xəstə ziyarətlərinə məhdudiyyətlər tətbiq edilib.
MSNews.az xəbər verir ki, bu barədə “The Scottish Sun” nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, Karmarten şəhərindəki Qlanqvili xəstəxanasının üç, Llanelli şəhərindəki Şahzadə Filip xəstəxanasının isə bir şöbəsi yoluxma halları ilə əlaqədar bağlanıb.
Hywel Dda regional səhiyyə idarəsi də yoluxma hallarını təsdiqləyib. Qurumun oktyabrın 20-də yaydığı açıqlamada Qlanqvili xəstəxanasının Cadog və Dewi şöbələrinin yeni xəstə qəbulu və ziyarətlər üçün müvəqqəti bağlandığı bildirilib. Şahzadə Filip xəstəxanasında da daha əvvəl oxşar məhdudiyyətlər tətbiq olunub.
Səhiyyə qurumları xəstəxanalarda infeksiyaya nəzarət tədbirlərini gücləndirib, əlavə dezinfeksiya və müalicə proqramlarına başlayıb. Yoluxmanın qeydə alındığı şöbələrdən yaxın vaxtlarda evə buraxılmış xəstələrlə də birbaşa əlaqə saxlanılıb.
Qoturluq mikroskopik gənələrin törətdiyi yoluxucu dəri xəstəliyidir. Onun əsas əlaməti xüsusilə gecələr güclənən şiddətli qaşınma və dəri səpkiləridir. Xəstəlik əsasən uzunmüddətli dəri təması, həmçinin ortaq yataq dəstləri və geyim vasitəsilə yayıla bilər.
Səhiyyə mütəxəssisləri xəstəliyin müalicə olunduğunu, lakin vaxtında tədbir görülmədikdə sürətlə yayıla biləcəyini bildirirlər. Hywel Dda səhiyyə idarəsi isə geniş ictimaiyyət üçün yoluxma riskinin aşağı olduğunu vurğulayıb.