Trampın uşaqlıq evi hərraca çıxarıldı — start qiyməti 2,3 milyon dollar

Donald Trampın uşaqlıq evi Nyu-Yorkun Kvinz bölgəsində hərraca çıxarılıb. Tudor üslubunda tikilmiş və bir zamanlar Tramp ailəsinə məxsus olan evin başlanğıc qiyməti 2,3 milyon dollardır.

112

ABŞ prezidenti Donald Trampın uşaqlıq illərini keçirdiyi ev satışa çıxarılıb. Bu barədə The Wall Street Journal məlumat yayıb.

Məlumata görə, Tudor üslubunda tikilmiş ev Nyu-Yorkun Kvinz bölgəsində yerləşən sakit və yaşıllıq içində olan Jamaica Estates rayonunda yerləşir. Beş yataq otağı olan bu ev 1940-cı ildə Trampın atası, tikinti şirkətlərinin sahibi Fred Tramp tərəfindən inşa edilib və ailənin həmin ərazidəki ilk yaşayış yeri olub. Donald Tramp burada təxminən dörd yaşınadək yaşayıb.

Evin taleyində maraqlı məqamlar da var. ABŞ-da 2016-cı il prezident seçkiləri gecəsi Manhettendən olan investor Maykl Deyvis evin satış elanını görən kimi onu 1,39 milyon dollara satın alıb. O, Trampın seçkilərdə qalib gələcəyi təqdirdə evin qiymətinin artacağına dair özünə məxsus maliyyə riskli “stavka” etmişdi. Proqnoz özünü doğrultdu: Trampın inauqurasiyası günü — 2017-ci ildə — ev çinli alıcıya 2,14 milyon dollara satıldı.

Daha sonra Deyvis evi icarəyə verməyə başlayıb və interyeri Tramp mövzulu dekor və kolleksiya əşyaları ilə bəzəyib. Lakin son illərdə ev baxımsız vəziyyətdə qalıb. Hazırda evdə 20–30-a yaxın sahibsiz pişiyin yaşadığı bildirilir.

Evin vəziyyətinin pisləşməsi yerli sakinlər arasında narahatlıq yaradıb. Rayon sakinlərindən biri evi təxminən 500 min dollar vəsait sərf edərək təmir etdiyini bildirib. Nəticədə evin ümumi bərpa və investisiya dəyəri 1,3 milyon dolları keçib.

“Gözəl bir ev idi, amma uzun müddət baxımsız qaldı. Heç kim onunla məşğul olmurdu, ev burda hamının gözünə batan görünməz yükə çevrilmişdi,” — deyə yerli sakinlərdən biri bildirib.

Hazırda ev 2,3 milyon dollar başlanğıc qiyməti ilə hərraca çıxarılıb.