İran ABŞ-nin GBU-57 bombasının texnologiyasını ələ keçirib?

İran SEPAH rəsmisi Məhəmməd Rza Nəqdi ABŞ-nin GBU-57 bunkerdələn bombasının texnologiyasının əldə edildiyini bildirib. Tehran partlamamış sursatın komponentlərinin araşdırıldığını iddia edir.

14

İran ABŞ istehsalı olan, təxminən 14 ton ağırlığındakı GBU-57 bunkerdələn aviasiya bombasının texnologiyasını əldə etdiyini iddia edib. Tehran rəsmilərinin sözlərinə görə, 12 günlük müharibə zamanı İran ərazisinə atılan sursatın partlamamış hissələri ələ keçirilib və mütəxəssislər tərəfindən araşdırılıb.

MSNews.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanının müşaviri Məhəmməd Rza Nəqdi İranın Mazandaran əyalətində keçirilən hərbi təlimlərin bağlanış mərasimində bildirib.

İranın IRIB dövlət agentliyinin məlumatına görə, Nəqdi ABŞ-nin hərbi əməliyyatlarda istifadə etdiyi bombanın bəzi komponentlərinin İran hərbçilərinin əlinə keçdiyini açıqlayıb.

SEPAH rəsmisi bildirib ki, iranlı mütəxəssislər əldə edilən sursatın quruluşunu, istehsalında istifadə olunan metal ərintilərini və elektron sistemlərini ətraflı təhlil ediblər.

“Artıq 14 tonluq Amerika bombasının ərintiləri, elektron sxemləri və bütün texnologiyası təhlil olunub. Bu texnologiya bizim əlimizdədir”, – deyə Nəqdi bildirib.

O, İranın əldə etdiyi biliklərdən gələcəkdə öz hərbi texnologiyalarının inkişafı üçün istifadə edə biləcəyini vurğulayıb.

Nəqdi ABŞ-yə xəbərdarlıq edərək analoji silahın gələcəkdə Vaşinqtonun özünə qarşı tətbiq oluna biləcəyinə işarə edib.

“Əgər nə vaxtsa onlar belə bir bombanın zərbəsinə məruz qalsalar, bu texnologiyanı haradan əldə etdiyimizi xatırlasınlar”, – deyə müşavir bildirib.

SEPAH rəsmisi hazırda belə silahlara yalnız iki ölkənin — ABŞ və İranın sahib olduğunu da iddia edib. Lakin İranın GBU-57-yə bənzər bombanı istehsal etdiyini və istifadəyə verdiyini təsdiqləyən müstəqil məlumat yoxdur.

GBU-57, yaxud “Massive Ordnance Penetrator” (MOP) ABŞ tərəfindən xüsusi möhkəmləndirilmiş və yeraltında yerləşən hərbi obyektlərin məhv edilməsi üçün hazırlanmış idarə olunan aviasiya bombasıdır.

Təxminən 13,6 ton ağırlığındakı sursat adi bombalardan fərqli olaraq partlamazdan əvvəl torpaq və beton qatlarına nüfuz etmək üçün nəzərdə tutulub. Bu xüsusiyyət onun yeraltı sığınacaqlara, hərbi komanda məntəqələrinə və möhkəmləndirilmiş strateji obyektlərə qarşı istifadəsinə imkan verir.

Qeyd edək ki, Nəqdi açıqlamasında GBU-57-ni “bütün bombaların anası” adlandırıb. Halbuki bu ad əsasən ABŞ-nin digər silahı olan GBU-43/B MOAB bombasına aiddir. GBU-57 isə fərqli təyinatlı bunkerdələn sursatdır.

İranın Amerika silahlarını tədqiq etməsi barədə məlumatlar daha əvvəl də yayılıb. Apreldə “Al Jazeera” İran mediasına istinadla Amerika istehsalı olan partlamamış sursatların tədqiqi və onların texnologiyalarının öyrənilməsi istiqamətində fəaliyyət barədə məlumat vermişdi.
Bununla belə, partlamamış bombanın komponentlərinin əldə edilməsi həmin silahın tam istehsal texnologiyasına yiyələnmək və onu eyni imkanlarla hazırlamaq demək deyil. Nəqdinin açıqlamasında təqdim etdiyi iddialar hələlik müstəqil texniki ekspertiza ilə təsdiqlənməyib.