Böyük Britaniyada yaşayan 99 yaşlı Helqa Daffi uçan təyyarənin qanadı üzərində dayanaraq dünya rekorduna imza atıb. O, bu təhlükəli hava macərasını həyata keçirən ən yaşlı qadın kimi Ginnesin Rekordlar Kitabına düşüb.
MSNews.az xəbər verir ki, qeyri-adi uçuş oktyabrın 16-da İngiltərənin Qlosterşir qraflığında yerləşən Sayrençester şəhəri yaxınlığındakı Rendcomb aerodromunda baş tutub. Bu barədə “The Indian Express” və “UPI” məlumat yayıb.
Almaniyada doğulan və uzun illərdir Böyük Britaniyada yaşayan Daffi təhlükəsizlik kəmərləri ilə xüsusi təyyarənin üst qanadına bərkidilərək havaya qalxıb.
“Wing walking” adlanan bu fəaliyyət zamanı iştirakçı uçuş halında olan təyyarənin qanadı üzərində xüsusi qurğuda dayanır.
Ginnesin Rekordlar Kitabının rəsmi məlumatına əsasən, Helqa Daffi rekordu 99 yaş 21 günlük olarkən müəyyənləşdirib. Onun nailiyyəti rəsmi hakim tərəfindən təsdiqlənib və yaşlı qadına rekord sertifikatı təqdim olunub.
Əvvəlcə uçuşun onun ad günü — sentyabrın 23-də keçirilməsi planlaşdırılsa da, tədbir oktyabrın 16-na təxirə salınıb.
Yaşlı qadın uçuşdan əvvəl və sonra həyəcanını gizlətməyib. Onun sözlərinə görə, belə bir macəranı həyata keçirmək çoxdan arzuladığı təcrübə idi.
Rekord cəhdi yalnız şəxsi nailiyyət məqsədi daşımayıb. Daffi bununla Böyük Britaniyanın Uiltşir və Bat bölgələrinə xidmət göstərən hava təcili yardım təşkilatına dəstək olmaq istəyib.
“The Times of India” nəşrinin məlumatına görə, rekord uçuşu nəticəsində xeyriyyə məqsədilə 1300 funt sterlinqdən çox vəsait toplanıb.