ABŞ-nin bütün 50 ştatında Prezident Donald Trampın siyasətinə qarşı “No Kings” (“Krallara yox!”) hərəkatının etiraz aksiyaları keçirilib. Nümayişçilər Ağ Ev rəhbərliyini demokratik institutları zəiflətməkdə və prezident səlahiyyətlərini həddindən artıq genişləndirməkdə ittiham ediblər.
MSNews.az xəbər verir ki, oktyabrın 17-də təşkil olunan aksiyalar noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilər ərəfəsində baş tutub.
“Associated Press” agentliyinin məlumatına görə, etirazlar ABŞ-nin müxtəlif şəhər və yaşayış məntəqələrini əhatə edib. Aksiyaların əsas məqsədi seçiciləri səsvermədə fəal iştirak etməyə, xüsusilə erkən səsvermə imkanlarından istifadə etməyə təşviq etmək olub.

Aksiya iştirakçıları Tramp administrasiyasının miqrasiya siyasətini, seçki hüquqları ilə bağlı təşəbbüslərini və federal hakimiyyətin səlahiyyətlərindən istifadə qaydalarını tənqid ediblər.
“No Kings” hərəkatının tərəfdarları hesab edirlər ki, prezident demokratik nəzarət mexanizmlərinə tabe olmalı və dövlət hakimiyyəti bir şəxsin əlində cəmləşməməlidir.
“The Guardian” nəşrinin məlumatına görə, təşkilatçılar bu dəfə yalnız küçə etirazları ilə kifayətlənməyərək seçicilərin səfərbər olunmasına üstünlük veriblər. Aksiyalar erkən səsverməyə çağırışlar, ictimai toplantılar və seçki hüquqları ilə bağlı maarifləndirmə tədbirləri ilə müşayiət olunub.
Hərəkatın fəalları Trampın idarəçilik üslubunu avtoritar meyillər kimi qiymətləndirirlər. Respublikaçılar isə bu ittihamları rədd edərək prezidentin fəaliyyətini seçicilərin ona verdiyi mandatın həyata keçirilməsi kimi müdafiə edirlər.
Aksiyalar zamanı “No Kings” hərəkatının sosial şəbəkə hesablarından biri də müvəqqəti bloklanıb. “The Guardian” yazır ki, “Meta” sonradan hesabın avtomatlaşdırılmış moderasiya sistemi tərəfindən səhvən dayandırıldığını açıqlayaraq üzr istəyib.
Seçkilərin nəticələri Konqresdə qüvvələr nisbətini müəyyənləşdirəcək və Tramp administrasiyasının növbəti iki ildə qanunvericilik təşəbbüslərini həyata keçirmək imkanlarına təsir göstərəcək.