Futbolda yenilik: İlk dəfə rəqəmsal kart göstərildi

Uruqvay Kubokunda hakimlər üçün rəqəmsal sarı və qırmızı kart sistemi sınaqdan keçirilib. Yeni texnologiya cərimələri real vaxt rejimində qeydə alaraq federasiyaya ötürür.

35

Uruqvay futbolunda hakimlik sisteminə yeni texnologiya gətirilib. Ölkə kubokunda ilk dəfə ənənəvi sarı və qırmızı kartları əvəz edə biləcək rəqəmsal cihaz sınaqdan keçirilib.

MSNews.az xəbər verir ki, yenilik oktyabrın 15-də Uruqvay Kubokunun “Nasional” – “Rentistas” qarşılaşmasında tətbiq olunub.

Bu barədə “El País” nəşri məlumat yayıb.

Görüşün 12-ci dəqiqəsində baş hakim Eduardo Varela Rentistasın futbolçusu Xuan Pablo Pladaya sarı kart göstərərkən ilk dəfə smartfonu xatırladan elektron cihazdan istifadə edib.

Uruqvay Futbol Assosiasiyasının (UFA) yerli texnologiya şirkəti ilə birgə hazırladığı cihaz iki düymə ilə idarə olunur. Düymələrdən biri basıldıqda ekran sarı, digəri basıldıqda isə qırmızı rəngə çevrilir.

Yeni sistemin əsas üstünlüyü hakimin qərarlarını və oyunçuların cəzalarını dərhal elektron bazaya ötürməsidir. Məlumatlar real vaxt rejimində UFA-nın istifadə etdiyi COMET sisteminə göndərilir. Bu isə hakimlərin oyun zamanı kağız və qələmlə qeydlər aparmaq ehtiyacını azalda bilər.

“El Observador” nəşrinin məlumatına görə, cihaz daha əvvəl “Defensor Sportinq” – “Plaza Koloniya” görüşündə də yoxlanılıb. Lakin günəş işığının ekranın görünməsinə mane olması səbəbindən baş hakim ondan istifadə edə bilməyib. Həmin qarşılaşmada texnologiya köməkçi hakimlər tərəfindən sınaqdan keçirilib.

Uruqvay Futbol Hakimləri Assosiasiyasının prezidenti Marselo de Leon layihənin hakimlərin işini asanlaşdıracağını və oyun məlumatlarının daha sürətli emalına imkan verəcəyini bildirib.

Qeyd edək ki, rəqəmsal kartlar hələlik sınaq mərhələsindədir. Texnologiyanın bütün yarışlarda daimi tətbiqinə dair qərar açıqlanmayıb.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.