Danimarkanın Baş naziri Mette Frederiksen Rusiyanın Ukrayna ilə kifayətlənməyərək Avropanın digər ərazilərinə də irəliləyə biləcəyi barədə xəbərdarlıq edib.
MSNews.az xəbər verir ki, Frederiksen bu barədə oktyabrın 15-də Avropa İttifaqı liderlərinin sammiti çərçivəsində açıqlama verib. “Euronews” telekanalının məlumatına görə, Danimarka hökumətinin başçısı Ukraynanın müdafiəsini bütövlükdə Avropanın təhlükəsizliyi üçün həlledici amil adlandırıb.
“Əgər Ukraynanın məğlubiyyətinə imkan versək, düşünürəm ki, rusların Avropanın digər bölgələrinə irəliləməsinə yol açmış olarıq. Məhz buna görə Ukraynanı Avropanın müdafiə xətti kimi görməyə davam etməliyik”, – Frederiksen bildirib.
Baş nazir Avropa ölkələrini Rusiya məhsullarını almaqdan çəkinməyə də çağırıb. Onun sözlərinə görə, Rusiyadan edilən alışlar Moskvanın hərbi fəaliyyətinin maliyyələşdirilməsinə xidmət edir.
“Biz ruslardan nə isə aldıqda, avropalıların öldürülməsini maliyyələşdirdiyimizi çox yaxşı bilirik”, – deyə o vurğulayıb.
Frederiksen həmçinin ABŞ-nin Rusiya ilə bağlı son addımlarını tənqid edib. O, Vaşinqtonun Ukraynaya münasibətdə verdiyi siqnalların Avropanı çətin vəziyyətə saldığını söyləyib.
Danimarka liderinin fikrincə, Ukraynanın müdafiəsinin zəifləməsi yalnız Kiyev üçün deyil, bütün Avropanın təhlükəsizliyi üçün ciddi nəticələr doğura bilər.
Qeyd edək ki, Danimarka Rusiyaya qarşı sanksiyaların və Ukraynaya hərbi-maliyyə dəstəyinin davam etdirilməsinin tərəfdarıdır. Frederiksen daha əvvəl də Ukraynanı Avropanın ilk müdafiə xətti kimi xarakterizə edib.