Cənubi Koreyada futbol klubu qəribə səbəbdən aşağı liqaya düşür

Cənubi Koreyanın “Kimçonq Sanmu” klubu 2026-cı il mövsümünün nəticələrindən asılı olmayaraq yüksək liqanı tərk edəcək. Klubun şəhərlə müqaviləsinin başa çatması səbəbindən 2027-ci il üçün K Liqa 1 lisenziyası verilməyib.

36

Cənubi Koreya futbolunda qeyri-adi hadisə yaşanıb. Ölkənin yüksək divizionunda çıxış edən “Kimçonq Sanmu” klubu meydandakı nəticələrindən asılı olmayaraq, 2027-ci il mövsümündə ikinci liqada oynayacaq. Buna səbəb komandanın zəif çıxışı deyil, yerləşdiyi şəhərlə müqaviləsinin başa çatmasıdır.

MSNews.az xəbər verir ki, Cənubi Koreya Peşəkar Futbol Liqası oktyabrın 14-də 2027-ci il mövsümü üçün klubların lisenziyalaşdırılmasının nəticələrini açıqlayıb.

Cənubi Koreyanın “Seoul Economic Daily” nəşrinin məlumatına görə, lisenziya üçün müraciət edən 29 klubdan 28-nin müraciəti qəbul olunub. Yalnız “Kimçonq Sanmu”ya yüksək liqada iştirak hüququ verilməyib.

Klubun Kimçonq şəhəri ilə bağladığı müqavilənin müddəti 2026-cı ilin sonunda başa çatır. Tərəflər əməkdaşlığın davam etdirilməsi ilə bağlı yeni razılaşma əldə etməyiblər. Nəticədə “Sanmu” 2027-ci il mövsümü üçün K Liqa 1 lisenziyası ala bilməyib. Bu o deməkdir ki, komanda cari mövsümü turnir cədvəlinin hansı pilləsində başa vurmasından asılı olmayaraq yüksək divizionu tərk edəcək. Klub yeni şəhərə köçəcəyi təqdirdə də 2027-ci ildə K Liqa 2-də mübarizə aparmalı olacaq.

Liqa rəhbərliyi bu qərarı hələ 2025-ci ilin dekabrında qəbul etmişdi. Oktyabrın 14-də açıqlanan lisenziyalaşdırma nəticələri isə klubun yüksək liqada qalmaq imkanının olmadığını bir daha təsdiqləyib.

“Sanmu” Cənubi Koreya Silahlı Qüvvələrinin idman sisteminə bağlı futbol klubudur. Komandanın heyətində əsasən məcburi hərbi xidmətə çağırılmış peşəkar futbolçular çıxış edirlər. Cənubi Koreyada kişilər üçün hərbi xidmət məcburidir. Quru qoşunlarında xidmət müddəti 18 ay təşkil edir.

Peşəkar futbolçular hərbi xidmətlərini “Sanmu”nun heyətində keçirərək idman karyeralarını davam etdirmək imkanı qazanırlar. Bu xüsusiyyət komandanı ölkənin digər peşəkar futbol klublarından fərqləndirir.

Maraqlıdır ki, “Sanmu”nun aşağı liqaya düşməsinə səbəb olan oxşar hadisə daha əvvəl də baş verib. 2020-ci ildə komanda Sanqcu şəhərindən Kimçonqa köçmək qərarına gəlib. Həmin mövsümü K Liqa 1-də dördüncü pillədə başa vurmasına baxmayaraq, klub inzibati qərarla yüksək diviziondan kənarlaşdırılıb.

Komanda 2021-ci il mövsümündə artıq Kimçonq şəhərini təmsil edərək K Liqa 2-də çıxış edib.

Hazırda “Sanmu”nun yeni ev sahibi olacaq şəhər axtardığı bildirilir. Kimçonq şəhərinin rəhbərliyi isə hərbi futbol klubunun bazasında müstəqil şəhər komandası yaratmaq planından imtina edib. Yerli hakimiyyət qərarı maliyyə dayanıqlılığı və uzunmüddətli idarəetmə imkanları ilə bağlı çətinliklərlə əsaslandırıb.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.