Fələstinin erməni əsilli xarici işlər və diaspor məsələləri üzrə naziri Varsen Aqabekyan Şahin Azərbaycana səfər edəcək. Nazir oktyabrın 15-də Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə iştirak edəcək.
MSNews.az xəbər verir ki, bu barədə “APA” agentliyi məlumat yayıb.
Məlumata əsasən, Varsen Aqabekyan Şahin beynəlxalq sammitdə Fələstin dövlətini təmsil edəcək. Onun səfəri Azərbaycan paytaxtında keçiriləcək yüksək səviyyəli çoxtərəfli diplomatik tədbir çərçivəsində baş tutacaq.
Diqqətçəkən məqam Fələstinin xarici işlər nazirinin erməni əsilli olmasıdır.
1958-ci ildə İordaniyada anadan olan Varsen Aqabekyan Şahin erməni mənşəli fələstinli siyasətçi və akademikdir. O, ali təhsilini ABŞ-da alıb, sonrakı illərdə Fələstində təhsil, mədəniyyət və ictimai fəaliyyət sahələrində çalışıb.
Şahin 2024-cü ilin martında Fələstin hökumətində xarici işlər üzrə dövlət naziri təyin olunub. 2025-ci ilin iyununda isə xarici işlər və diaspor məsələləri üzrə nazir vəzifəsinə gətirilib.
Qeyd edək ki, oktyabrın 15-də Bakıda keçiriləcək AQEM-in VII Zirvə Görüşündə Asiya ölkələrinin yüksək səviyyəli nümayəndələri iştirak edəcəklər.
AQEM-in rəsmi məlumatına görə, sammitin əsas məqsədi regionda qarşılıqlı etimadın möhkəmləndirilməsi, təhlükəsizlik, sabitlik və çoxtərəfli əməkdaşlığın inkişafıdır.
Fələstin nazirinin səfər çərçivəsində Azərbaycan rəsmiləri ilə ayrıca ikitərəfli görüşlər keçirib-keçirməyəcəyi barədə hələlik məlumat açıqlanmayıb.