Norveç hərbçiləri genişmiqyaslı hərbi təlimlər zamanı icarəyə götürdükləri Çin istehsalı avtomobillərin onların fəaliyyətini avtomatik olaraq videoya çəkdiyini və görüntüləri yaddaşda saxladığını aşkarlayıblar. Məlum olub ki, qeydə alınan görüntülərdə hərbçilərin hərəkət marşrutları ilə yanaşı, hərbi obyektlərə giriş üçün istifadə edilən məxfi təhlükəsizlik kodları da yer alıb.
MSNews.az xəbər verir ki, bu barədə Norveçin “Dagens Næringsliv” qəzeti məlumat yayıb. Hadisə sentyabrın 14–18-də Oslo və Akershus bölgələrində keçirilən “Øvelse Hovedstad” hərbi təlimləri zamanı baş verib.
Norveç Silahlı Qüvvələrinin rəsmi məlumatına əsasən, təlimlərdə təxminən 5 min hərbçi iştirak edib. Əsas məqsəd paytaxtın, strateji obyektlərin və mühüm infrastrukturun mümkün təhlükələrdən müdafiəsinə hazırlığı yoxlamaq olub.
Təlimlər zamanı hərbçilərin istifadəsinə “Hertz” şirkəti vasitəsilə icarəyə götürülmüş avtomobillər verilib. Onların arasında Çin istehsalçısı “Changan”ın “Deepal” markalı avtomobilləri də olub. İcarə şirkətinin mülkiyyət əlaqələri isə Çinin “Geely” konserninə məxsus “Volvo Cars” şirkətinə gedib çıxır.
Hərbçilər avtomobillərin kamera sistemlərinin onların xəbəri olmadan ətrafda baş verənləri qeydə aldığını təsadüfən müəyyən ediblər.
Təlimdə iştirak edən leytenant Fredrik Blank bildirib ki, avtomobillərin yaddaşında əsgərlərin nəqliyyat vasitələrinə minib-düşməsi, hərəkət istiqamətləri, daşınan şəxslər və müxtəlif məntəqələrdə qalma müddətləri barədə görüntülər saxlanılıb.
Daha ciddi təhlükəsizlik problemi isə hərbi obyektlərin qapılarının açılması üçün daxil edilən xüsusi giriş kodlarının da kameralara düşməsi olub.
Bu barədə “Finansavisen” nəşri də məlumat yayıb.
Maraqlıdır ki, təhlükəsizlik riski aşkarlandıqdan sonra da avtomobillərdən istifadə dayandırılmayıb. Hərbçilər bunu alternativ nəqliyyat vasitələrinin məhdudluğu ilə izah ediblər.
Məlumata görə, təlimlərdən sonra avtomobillərin yaddaşındakı görüntülər silinib. Lakin həmin məlumatların yalnız avtomobillərdə saxlanıldığı, yoxsa başqa serverlərə də ötürüldüyü hələlik müəyyən edilməyib.
“Volvo Cars” şirkəti Çin mülkiyyətinin özlüyündə təhlükəsizlik riski yaratdığı iddialarını rədd edib. Şirkət bildirib ki, məlumatların “Geely” ilə paylaşılması üçün hüquqi əsas tələb olunur.
Hadisə Norveç parlamentində də müzakirəyə çıxarılıb. Oktyabrın 8-də deputat Himanşu Qulati müdafiə nazirinə rəsmi sorğu göndərərək Çinlə əlaqəli avtomobillərin hərbi əməliyyatlarda istifadəsinin nə dərəcədə təhlükəsiz olduğunu soruşub.
Qeyd edək ki, avtomobillərin görüntüləri qeydə alması təsdiqlənsə də, məlumatların Çin dövlət qurumlarına ötürüldüyünə və ya məqsədli casusluq fəaliyyətinin həyata keçirildiyinə dair sübut açıqlanmayıb.