Rusiya Gürcüstanın bir sıra istehsalçılarının şərab, konyak, pivə, mineral su və qazlı içkilərinin ölkəyə idxalını və satışını qadağan edib. Məhdudiyyətlər Gürcüstanda istehsal olunan Coca-Cola məhsullarına da şamil edilib.
MSNews.az xəbər verir ki, “RBC” nəşrinin əldə etdiyi sənədə əsasən, qərar Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti – Rospotrebnadzor tərəfindən qəbul edilib. Qadağa müvəqqəti sanitariya tədbiri çərçivəsində tətbiq olunub.
Məhdudiyyətlərə Gürcüstanın Teliani Valley, Tbilvino, Askaneli Brothers və Wineman şirkətlərinin şərabları, Askaneli Brothers şirkətinin konyakı, Georgian Beer Company istehsalı olan pivə, həmçinin Nabeqlavi mineral suyu və Gürcüstanda istehsal edilən Coca-Cola daxildir.
Rospotrebnadzor qərarı həmin məhsulların dad, qoxu və digər orqanoleptik xüsusiyyətlər, fiziki-kimyəvi göstəricilər və təhlükəsizlik tələbləri üzrə müəyyən edilmiş standartlara uyğun gəlməməsi ilə əsaslandırıb.
“Civil Georgia” nəşrinin məlumatına görə, məhdudiyyətlər bütün Gürcüstan məhsullarını deyil, konkret istehsalçıların müəyyən içkilərini əhatə edir. Qadağanın nə qədər müddət qüvvədə qalacağı isə açıqlanmayıb.
Rusiyanın Pərakəndə Ticarət Şirkətləri Assosiasiyasının sədri Stanislav Boqdanov bildirib ki, ticarət şəbəkələri Rospotrebnadzorun müvafiq göstərişini alıb və qadağan edilmiş məhsulları satışdan çıxarmağa başlayıb.
“Deutsche Welle” də Gürcüstanda istehsal olunan müəyyən şərabların, Nabeqlavi mineral suyunun və Coca-Cola məhsullarının Rusiyaya idxalının dayandırıldığını təsdiqləyib.
Qadağaya düşən məhsulların Rusiya mağazalarından yığışdırılması artıq başlayıb. Bununla belə, mövcud məhsul ehtiyatlarının hamısının məhv ediləcəyi barədə məlumat hələlik rəsmi təsdiqini tapmayıb.