Fransanın solçu siyasi liderlərindən biri, 2027-ci il prezident seçkilərinə namizədliyini irəli sürmüş Jan-Lük Melanşon Avropa liderlərinin ABŞ-yə bağlı siyasətini sərt tənqid edib. O, Avropa rəhbərlərinin köhnəlmiş siyasi və iqtisadi dünya nizamından əl çəkmədiyini bildirib.
MSNews.az xəbər verir ki, Melanşona aid edilən açıqlamada Avropa liderlərinin düşüncə tərzinin atlantizm ideologiyasının təsiri altında olduğu vurğulanır.
“Avropa liderlərinin düşüncə tərzi başdan-ayağa atlantizm mərəzi ilə zəhərlənib. Onlar hələ də köhnə dünyanın mövcud olduğunu zənn edirlər”, – deyə siyasətçinin bildirdiyi qeyd olunur.
Melanşonun fikrincə, beynəlxalq ticarətdə gömrük rüsumları ətrafında baş verən dəyişikliklər əvvəlki iqtisadi münasibətlər sisteminin artıq əvvəlki qaydada işləmədiyini göstərir.
“Köhnə dünya gömrük rüsumları ilə birlikdə artıq tarixə qovuşub, birdəfəlik ölüb”, – deyə ona aid edilən digər fikirdə bildirilir.
Fransalı siyasətçi həmçinin neoliberal iqtisadi modelin gələcəyini şübhə altına alıb. O, XX əsrin ikinci yarısında və XXI əsrin əvvəllərində üstünlük təşkil etmiş azad rəqabət və neoliberalizm prinsiplərinin artıq keçmişdə qaldığını irəli sürüb.
Melanşon uzun müddətdir Avropa ölkələrinin ABŞ-dən daha müstəqil xarici və iqtisadi siyasət yürütməsinin tərəfdarı kimi çıxış edir. O, transatlantik iqtisadi münasibətlərin liberallaşdırılmasını da dəfələrlə tənqid edib. Siyasətçinin bu mövqeyi onun rəsmi saytında dərc olunmuş əvvəlki çıxışlarında da əksini tapıb.
Bununla yanaşı, Melanşonun bütün Fransa solunun vahid namizədi olmadığı da məlumdur. “Le Monde” nəşrinin məlumatına görə, 2027-ci il prezident seçkiləri ərəfəsində Fransa solunda fikir ayrılıqları davam edir. Sosial-demokrat qanadın namizədi kimi Rafael Qlüksmann ön plana çıxıb, Melanşon isə “Təslimolmaz Fransa” hərəkatını təmsil edir.