Fransa “Taliban” hakimiyyətini tanımamasına və Kabildə səfirliyinin bağlı qalmasına baxmayaraq, Əfqanıstan vətəndaşlarının birbaşa deportasiyasını asanlaşdırmaq üçün Taliban nümayəndələri ilə texniki dialoqa başlayıb.
MSNews.az xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyi oktyabrın 8-də bu təmasları təsdiqləyərək bildirib ki, məqsəd ölkədə qanunsuz qalan və Fransanın milli təhlükəsizliyi üçün risk hesab edilən şəxslərin Əfqanıstana qaytarılmasını asanlaşdırmaqdır.
Fransa tərəfi vurğulayıb ki, söhbət diplomatik münasibətlərin bərpasından və ya “Taliban” hökumətinin tanınmasından getmir. Paris 2021-ci ildən bəri “Taliban”la rəsmi diplomatik əlaqələr saxlamır və Kabildəki səfirliyini bağlı saxlayır.
“AFP” məlumatına görə, danışıqlar ilkin mərhələdə qanunsuz statusda olan və ictimai asayiş üçün təhlükə hesab edilən əfqanların geri göndərilməsinə yönəlib. Məsələ ilə tanış mənbələr potensial olaraq “yüzlərlə” şəxsin bu mexanizmlə əhatə oluna biləcəyini bildiriblər.
Fransa bu istiqamətdə tək deyil. Almaniya, Belçika, İsveç və digər Avropa ölkələri də təhlükəsizlik riski hesab edilən Əfqanıstan vətəndaşlarının geri qaytarılması üçün Taliban nümayəndələri ilə texniki əlaqələr qurmağa başlayıblar.
Fransa XİN bildirib ki, hər hansı deportasiya beynəlxalq hüquqa və insan hüquqları üzrə öhdəliklərə uyğun həyata keçirilməlidir. Paris eyni zamanda Avropa İttifaqı ölkələrinin bu məsələdə koordinasiyalı hərəkət etməsinin vacibliyini vurğulayıb.