Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin Rusiya ilə bağlı son qərarlarına və “Starlink” peyk rabitə sisteminə tətbiq edilən məhdudiyyətlərə sərt reaksiya verib. O, Vaşinqtonun bəzi addımlarının Ukraynanın müdafiə imkanlarını zəiflətdiyini bildirərək Rusiyanın ballistik raketlərinə və yüksəksürətli dronlarına qarşı mübarizədə əlavə dəstək istəyib.
MSNews.az xəbər verir ki, Zelenski jurnalistlərlə söhbətində ABŞ-nin sanksiya siyasəti, hərbi texnologiyalara çıxış, Rusiya Prezidenti Vladimir Putinlə münasibətlər və Ukraynada mümkün prezident seçkiləri barədə danışıb.
Ukrayna lideri ABŞ-da Rusiyaya qarşı sərt iqtisadi məhdudiyyətlərin tətbiqini nəzərdə tutan qanun təşəbbüsünə toxunaraq senator Lindsi Qremin bu istiqamətdə böyük siyasi səy göstərdiyini vurğulayıb.
“Lindsi Qrem bu qanun layihəsinə çox böyük əmək sərf edib. O, senatorlar və konqresmenlər arasında ciddi dəstək qazanıb”, – deyə Zelenski bildirib.
Prezident sözügedən sanksiya mexanizminin hazırda işləməməsindən təəssüfləndiyini qeyd edərək digər amerikalı siyasətçilərin də təşəbbüsü dəstəkləyəcəklərinə ümid etdiyini söyləyib.
ABŞ Prezidenti Donald Trampın Rusiya ilə bağlı son qərarları Kiyev və Vaşinqton arasında fikir ayrılıqlarını gücləndirib. “Reuters” agentliyinin məlumatına görə, Rusiyanın enerji sektoru ilə bağlı bəzi yeni sanksiyaların təxirə salınması Ukrayna rəhbərliyinin narazılığına səbəb olub. Bununla belə, ABŞ-nin Rusiyaya qarşı mövcud sanksiyalarının böyük hissəsi qüvvədə qalır.
Onun sözlərinə görə, bəzi Ukrayna dronlarında quraşdırılmış peyk rabitə avadanlığı saatda 161 kilometrdən yüksək sürətlə hərəkət zamanı fəaliyyətini dayandırır.
Bu isə Ukraynanın Rusiya tərəfindən istifadə olunan yüksəksürətli reaktiv “Şahed” dronlarını zərərsizləşdirmək imkanlarını məhdudlaşdırır.
“Reaktiv ‘Şahed’ dronları saatda 450–550 kilometr və daha yüksək sürətlə hərəkət edir. Onları vurmaq üçün bizim də eyni sürətlə hərəkət edən vasitələrə ehtiyacımız var. Lakin hazırkı məhdudiyyət saatda 161 kilometrdir”, – deyə Zelenski bildirib.
Ukrayna Prezidenti vurğulayıb ki, problem dronların uçuş sürətində deyil, həmin sürətlərdə peyk rabitəsinin kəsilməsindədir.
“Deutsche Welle” və “Ukrinform”un oktyabrın 17-də yaydığı məlumatlara görə, Zelenski məhdudiyyətlər səbəbindən bəzi sürətli tutucu dronlardan istifadə edə bilmədiklərini açıqlayıb.
Ukrayna tərəfi Avropa İttifaqı ölkələrində apardığı sınaqlar zamanı “Starlink” terminallarının saatda 180 kilometrdən yüksək sürətlərdə də işlədiyini, Ukrayna ərazisində isə əlaqənin 161 kilometr həddində kəsildiyini bildirib.
Zelenski bu nəticələrin məhdudiyyətin texniki nasazlıqdan deyil, məqsədli qərardan qaynaqlandığına işarə etdiyini iddia edib.
Bununla belə, “Axios” nəşrinin məlumatına əsasən, Ağ Ev bu ittihamı rədd edib. ABŞ administrasiyası “Starlink”in sürətini azaltmaq barədə qərar vermədiyini bildirib.
Onun sözlərinə görə, belə bir addım Rusiyanın ballistik raket buraxılış qurğularına qarşı əməliyyatlarda Ukraynaya kömək edə bilər.
“Biz ‘SpaceX’dən və Prezident Trampdan Rusiya ərazisində ‘Starlink’i açmağı xahiş etdik. Bu, ballistik raket buraxılış qurğularını məhv etmək üçün lazımdır”, – deyə Ukrayna lideri bildirib.
Zelenski Rusiyanın yüksək sürətli dronlarına qarşı mübarizədə peyk rabitəsinin əhəmiyyətini vurğulayaraq məhdudiyyətlərin aradan qaldırılmasını istəyib.
Putin haqqında sərt danışan Ukrayna lideri onu “qatil” adlandırıb.
“Bəlkə də bu, çox nəzakətli deyil və Trampın məndən gözlədiyi şey deyil. Amma mən həqiqəti açıq söyləyən tərəfdaşlara üstünlük verirəm”, – deyə Zelenski bildirib.
Jurnalistin ABŞ Prezidenti tərəfindən özünü xəyanətə uğramış hiss edib-etmədiyi barədə sualına isə o, əvvəlki mövqeyinin dəyişmədiyini söyləyib.
Ukrayna Prezidenti ölkəsində mümkün seçkilərlə bağlı da diqqətçəkən açıqlama verib.
ABŞ-nin NBC telekanalının “Meet the Press” proqramında danışan Zelenski müharibə davam etdiyi müddətdə prezident seçkiləri keçirilərsə, yenidən namizəd olmağa hazır olduğunu bildirib. Bu barədə Ukraynanın “Ukrainian News” agentliyi məlumat yayıb.
“Əgər seçkilər müharibə dövründə baş tutarsa, əlbəttə, namizəd olacağam. Çünki ölkəmi bu müharibənin əvvəlindən sonuna qədər müdafiə etmək mənim məsuliyyətimdir”, – deyə o bildirib.
Zelenski seçkilərin keçirilməsini istəmədiyi barədə ittihamları rədd edərək təhlükəsiz səsvermənin təşkili üçün ən azı 60 günlük atəşkəsin vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, bu müddət seçki qanunvericiliyində müvafiq dəyişikliklərin aparılması və hərbçilər də daxil olmaqla vətəndaşların səsvermədə iştirakının təmin edilməsi üçün lazımdır.
Zelenski ABŞ-yə müraciətində Ukraynanın müdafiə imkanlarının məhdudlaşdırılmasını yanlış qərar adlandırıb.
“Sadəcə, ‘Starlink’i bizə geri qaytarın. Əgər bunu etməsələr, biz yenə də sağ qalacağıq və özümüzü müdafiə etməyi dayandırmayacağıq. Amma bizi niyə məhdudlaşdırdıqlarını anlaya bilmirəm. Hesab edirəm ki, bu, səhvdir”, – deyə Ukrayna Prezidenti bildirib.
Qeyd edək ki, oktyabrın 19-da Zelenski cəbhənin müxtəlif istiqamətlərində “Starlink” və “Starshield” avadanlığının saatda 130–161 kilometr sürətlərdə əlaqəni itirdiyini yenidən açıqlayıb.