Fransanın ən böyük ödənişli televiziya və media qruplarından biri olan “Canal+” ölkədə ƏDV dərəcəsinin ikiqat artırılması planı qüvvəyə minərsə, Fransa kinosuna ayırdığı vəsaiti və maliyyələşdirdiyi filmlərin sayını kəskin azaltmaqla hədələyib.
MSNews.az xəbər verir ki, Fransa hökumətinin 2027-ci il büdcə layihəsində ödənişli televiziya xidmətləri üçün tətbiq olunan ƏDV-nin 10%-dən 20%-ə qaldırılması nəzərdə tutulur. “Canal+” rəhbəri Maksim Saadanın hesablamasına görə, bu dəyişiklik şirkətə ildə təxminən 200 milyon avro əlavə xərc yarada bilər.
Saada “RTL” kanalına müsahibəsində bildirib ki, “Canal+” belə bir yükü tam şəkildə öz üzərinə götürə bilməz. Onun sözlərinə görə, nəticədə abunə qiymətlərinin artırılması, iş yerlərinin ixtisarı və kino ilə idmana investisiyaların azaldılması gündəmə gələ bilər.
Saada xüsusilə qeyd edib ki, yeni ƏDV dərəcəsi tətbiq olunarsa, “Canal+” maliyyələşdirdiyi filmlərin sayını yarıya, hətta dörddə üçə qədər azalda bilər.
“Le Monde” yazır ki, “Canal+” Fransa kinosunun ən böyük maliyyə dayaqlarından biridir. Şirkət 2028–2032-ci illər üçün Fransa və Avropa kino istehsalına ildə orta hesabla 196 milyon avro yatırmağı öhdəsinə götürmüşdü; 2025-ci ildə bu göstərici təxminən 150 milyon avro olub.
Məhz, buna görə ƏDV planı kino sektorunda geniş narahatlıq yaradıb. Müstəqil kino təşkilatları “Canal+” ilə imzalanmış yeni maliyyə sazişlərinin aşağı istiqamətdə yenidən müzakirə olunmasından ehtiyat edirlər.