İlham Əliyev: “Azərbaycan və Ermənistan Trampı Nobel Sülh Mükafatına namizəd göstərib”

Prezident İlham Əliyev Donald Trampın Azərbaycan-Ermənistan sülh prosesində tarixi rol oynadığını bildirib. Azərbaycan və Ermənistan ABŞ prezidentinin Nobel Sülh Mükafatına namizədliyini birgə irəli sürüb.

71

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin irəlilədilməsində tarixi rol oynadığını bildirib və Bakı ilə İrəvanın onun Nobel Sülh Mükafatına namizədliyini birgə irəli sürdüyünü xatırladıb.

MSNews.az xəbər verir ki, Azərbaycan Prezidenti bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.

İlham Əliyev 8 avqust 2025-ci ildə Donald Trampın ev sahibliyi etdiyi Vaşinqton Sülh Sammitini xüsusi qeyd edərək ABŞ prezidentinin Azərbaycan-Ermənistan normallaşma prosesinin irəlilədilməsində mühüm rol oynadığını vurğulayıb.

Həmin sammitdə İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Birgə Bəyannamə imzalayıblar. Eyni zamanda Azərbaycan və Ermənistan xarici işlər nazirləri iki ölkə arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in razılaşdırılmış mətnini paraflayıblar. Donald Tramp Birgə Bəyannamənin imzalanmasına şahidlik edib.

Prezident İlham Əliyev paylaşımında bildirib:

“Onun sülh prosesinə müstəsna töhfəsinin tanınması əlaməti olaraq Azərbaycan və Ermənistan mənim təşəbbüsümlə Prezident Trampın Nobel Sülh Mükafatına namizədliyini birgə irəli sürdülər.”

İlham Əliyev bu təşəbbüsü ilk dəfə məhz 8 avqust 2025-ci ildə Ağ Evdə keçirilən mətbuat konfransında açıq şəkildə səsləndirib. Azərbaycan Prezidenti həmin vaxt Paşinyana Trampın Nobel Sülh Mükafatına namizədliyinin birgə irəli sürülməsini təklif edib.

Paşinyan daha sonra təklifə qoşulduğunu açıqlayıb. Azərbaycan və Ermənistanın Trampı birgə namizəd göstərməsi 2026-cı ilin avqustunda ABŞ, Azərbaycan və Ermənistanın Vaşinqton sammitinin birinci ildönümü münasibətilə yaydığı birgə bəyanatda rəsmən qeyd olunub.

İlham Əliyev son paylaşımında həmçinin belə qeyd edib:

“Biz səmimi şəkildə ümid edirik ki, Prezident Trampın regionumuzda davamlı sülhün təmin olunması istiqamətində tarixi səyləri bu il Nobel Sülh Mükafatının verilməsi ilə bağlı qərar qəbul edilərkən layiqincə qiymətləndiriləcək.”

2026-cı il Nobel Sülh Mükafatının qalibinin oktyabrın 9-da Osloda açıqlanması gözlənilir. Nobel Komitəsinə bu il ümumilikdə 287 namizəd təqdim edilib.

Qeyd edək ki, Donald Tramp da son günlər Nobel Sülh Mükafatına layiq olduğunu düşündüyünü bildirib, lakin nəticə barədə şübhəli danışıb.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.