Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və Baş Qərargah rəisi Səlcuq Bayraktaroğlu Ər-Riyadda keçirilən Strateji Siyasi və Müdafiə Komitəsinin fövqəladə iclasında Pakistan və Səudiyyə Ərəbistanının yüksək səviyyəli nümayəndələri ilə görüşüblər.
MSNews.az xəbər verir ki, iclas “Birgə Müdafiə üzrə Məkkə Sazişi” çərçivəsində təşkil olunub. Türkiyə XİN-in açıqlamasında bildirilir ki, toplantıda regiondakı son təhlükəsizlik prosesləri və üçtərəfli alyansın institusionallaşdırılması istiqamətində əldə olunan mərhələ müzakirə olunub.

Pakistan Xarici İşlər Nazirliyinin birgə bəyanatına görə, tərəflər alyansın kollektiv müdafiə mexanizmlərini praktik mərhələyə keçirmək qərarına gəliblər. Razılaşdırılmış hərbi qüvvə və imkanların Səudiyyə Ərəbistanına sürətli yerləşdirilməsi üçün tədbirlərin görülməsi nəzərdə tutulur.
Komitə həmçinin alyansın institusional strukturunun gücləndirilməsi barədə qərar qəbul edib. Pakistanlı ehtiyatda olan general-leytenant Nauman Mahmud üç il müddətinə alyansın ilk baş katibi təyin olunub.

Tərəflər Məkkə və Mədinənin hədəfə alınması cəhdlərini, həmçinin Səudiyyə Ərəbistanının şəhərlərinə və mülki obyektlərinə qarşı hücumları pisləyiblər. Türkiyə və Pakistan Səudiyyə Silahlı Qüvvələrinin bu təhdidlərə qarşı hazırlığını yüksək qiymətləndiriblər.
Bəyanatda üç ölkənin təhlükəsizliyinin qarşılıqlı şəkildə bağlı olduğu vurğulanıb və Məkkə Sazişinin praktiki icrasının kollektiv çəkindirmə və müdafiə qabiliyyətini gücləndirəcəyi bildirilib.
İlk Strateji Siyasi və Müdafiə Komitəsi iclası avqustun 31-də İstanbulda keçirilmişdi. Həmin görüşdə tərəflər alyans üçün Səudiyyə Ərəbistanında daimi katibliyin yaradılması, birgə hərbi fəaliyyət, müdafiə sənayesi əməkdaşlığı və ortaq texnologiya layihələrinin inkişafı barədə razılığa gəlmişdilər.