Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 5-də ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb. Tərəflər Azərbaycan–ABŞ strateji tərəfdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri, həmçinin Azərbaycan–Ermənistan normallaşma prosesini müzakirə ediblər.
MSNews.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin məlumatına görə, danışıq zamanı 8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilən zirvə görüşündən sonra ikitərəfli münasibətlərdə strateji tərəfdaşlığın inkişafı istiqamətində əldə olunan irəliləyişlər qeyd olunub.
Tərəflər Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasında müəyyən edilmiş prioritetlər üzrə işçi qruplarının fəaliyyətinin əlaqələrin daha da dərinləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıblar.
Telefon danışığında 2026-cı ildə Bakı Enerji Həftəsi və II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində enerji, karbohidrogen ehtiyatlarının kəşfiyyatı və hasilatı, investisiya, rəqəmsal texnologiyalar və ticarət sahələrində imzalanmış sənədlərə də toxunulub. Bildirilib ki, bu razılaşmalar ikitərəfli əməkdaşlığın praktiki məzmununu genişləndirib.
Ceyhun Bayramov Azərbaycanın sülh gündəliyinin irəlilədilməsi, etimad quruculuğu və regional sabitliyin möhkəmləndirilməsi istiqamətində atdığı addımlar barədə ABŞ tərəfinə məlumat verib.
Danışıq zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.