Nikaraqua Mərkəzi Amerika Parlamentindən çıxır

Nikaraqua hökuməti Mərkəzi Amerika Parlamentinin yaradılması haqqında 1987-ci il müqaviləsindən çıxdığını və qərarın dərhal qüvvəyə mindiyini açıqlayıb. Addım ölkənin beynəlxalq təcridinin dərinləşdiyi bir dövrə təsadüf edir.

77

Nikaraqua Mərkəzi Amerika Parlamentindən (PARLACEN) çıxmaq qərarına gəlib. Ölkənin Xarici İşlər Nazirliyi bildirib ki, qurumun yaradılmasını nəzərdə tutan 1987-ci il müqaviləsindən çıxma qərarı “suveren hüquqların tam həyata keçirilməsi” çərçivəsində qəbul edilib və dərhal qüvvəyə minir.

MSNews.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Mərkəzi Amerika Parlamenti altı ölkəni birləşdirən regional siyasi qurumdur və Mərkəzi Amerikada inteqrasiya, demokratiya və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə yaradılıb.

Nikaraqua hökumətinin qərarı Amerika Dövlətləri Təşkilatının (OAS) oktyabrın 2-də qəbul etdiyi qətnamədən bir gün sonra açıqlanıb. Qətnamədə Nikaraqua hakimiyyəti siyasi məhbusları azad etməyə və vətəndaş azadlıqlarını bərpa etməyə çağırılıb.

Managua OAS-dan hələ 2023-cü ildə çıxıb. Nikaraqua hökuməti həmin vaxt təşkilatı ABŞ-ın regiondakı müdaxilə siyasətinin aləti olmaqda ittiham etmişdi.

Ölkə 2025-ci ildə BMT-nin İnsan Hüquqları Şurasından da ayrılacağını açıqlamışdı. Bu qərar BMT ekspertlərinin Nikaraquada insan hüquqları pozuntuları ilə bağlı tənqidi hesabatından sonra verilmişdi.

Nikaraqua 2018-ci ildən etibarən dərin siyasi böhran yaşayır. Həmin ilin aprelində hökumət əleyhinə etirazların təhlükəsizlik qüvvələri tərəfindən yatırılması zamanı 350-dən çox insanın öldüyü, təxminən 2 min nəfərin yaralandığı, minlərlə insanın isə saxlanıldığı və ya ölkəni tərk etdiyi bildirilir.

Prezident Daniel Ortega 2007-ci ildən fasiləsiz hakimiyyətdədir. O, daha əvvəl 1980-ci illərdə də Nikaraquaya rəhbərlik edib. Ortega və həyat yoldaşı Rosario Murillonun rəhbərlik etdiyi hökumət 2026-cı ilin iyulunda ölkədə artıq seçkilərin keçirilməyəcəyini açıqlayıb.

“Al Jazeera” qeyd edir ki, PARLACEN-dən çıxmaq qərarı Nikaraquanın son illərdə regional və beynəlxalq qurumlardan uzaqlaşması fonunda qəbul olunub.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.