Sançes növbədənkənar seçki elan etdi: İspaniya noyabrda səs verəcək

İspaniyanın Baş naziri Pedro Sançes parlamentin buraxılacağını və növbədənkənar ümumi seçkilərin 29 noyabr 2026-cı ildə keçiriləcəyini açıqlayıb. Qərar hökumətin mənzil islahatlarının parlamentdə rədd edilməsindən sonra verilib.

72

İspaniyanın Baş naziri Pedro Sançes ölkədə növbədənkənar ümumi seçkilərin 29 noyabr 2026-cı ildə keçiriləcəyini elan edib. Qərara əsasən, parlament buraxılacaq və seçicilər planlaşdırılandan təxminən yeddi ay əvvəl səsverməyə gedəcəklər.

MSNews.az xəbər verir ki, Sançes bu barədə oktyabrın 5-də Monkloa sarayında verdiyi institusional açıqlamada bildirib. Baş nazir kralı qərar barədə məlumatlandırdığını və parlamentin buraxılması üçün Nazirlər Kabinetinin fövqəladə iclasını çağırdığını deyib.

“İspanların hansı gələcəyi istədiklərinə qərar verməsinin vaxtı çatıb. İndi bu, sizdən asılıdır”, – Sançes açıqlamasında bildirib. 

“Reuters” yazır ki, qərar Sançes hökumətinin parlamentdə artan siyasi dalana dirənməsi fonunda qəbul olunub. Baş nazirin rəhbərlik etdiyi azlıq hökuməti qanunların qəbulunda kiçik və regional partiyaların dəstəyindən asılıdır.

Növbədənkənar seçki qərarının əsas səbəblərindən biri hökumətin mənzil böhranının yumşaldılması üçün irəli sürdüyü iki mühüm fərmanın parlamentdə rədd edilməsi olub. Təkliflər arasında həssas qrupların evdən çıxarılmasının 2030-cu ilədək məhdudlaşdırılması, bəzi kirayə müqavilələrinin avtomatik uzadılması və kirayəçilərin müdafiəsinin gücləndirilməsi yer alırdı.

Oktyabrın 2-də keçirilən səsvermədə müxalifətdəki Xalq Partiyası (PP), Vox və Kataloniyanın Junts partiyası hökumətin mənzil paketlərinə qarşı səs verib. Fərmanlardan biri 350 yerlik Konqresdə 178 əleyhinə səslə qəbul edilməyib.

“RTVE” bildirir ki, Sançes həftəsonu yaxın siyasi çevrəsi ilə məsləhətləşmələr apardıqdan sonra seçkiləri irəli çəkmək qərarına gəlib. Hazırkı parlamentin normal fəaliyyət müddəti 2027-ci ilin yayında başa çatmalı idi.

İspaniya son aylarda ciddi mənzil böhranı və yüksək kirayə qiymətləri ilə üzləşir. Oktyabrın 3-də Madrid də daxil olmaqla onlarla şəhərdə on minlərlə insan mənzil siyasətinə etiraz edib.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.