Namibiya Futbol Federasiyası Rusiya millisi ilə cavab yoldaşlıq görüşünü öz ölkəsində keçirməyə hazır olduğunu açıqlayıb. Federasiya qarşılaşmanın təşkili üçün Rusiya tərəfinin maliyyə xərclərini üzərinə götürməli olduğunu bildirib.
MSNews.az xəbər verir ki, bu barədə Namibiya Futbol Federasiyasının prezidenti Robert Joel Shimooshili “Sport24” nəşrinə açıqlamasında danışıb.
“Rusiya ilə cavab oyunu keçirmək istərdik və bunu Namibiyada təşkil etməkdə heç bir problemimiz yoxdur. Yeganə çətinlik federasiyamızın hazırda maliyyə imkanlarının olmamasıdır. Ciddi maliyyə problemləri yaşayırıq. Əgər Rusiya tərəfi xərcləri qarşılaya bilsə, Namibiyada oyunun keçirilməsi ilə bağlı heç bir problem olmayacaq”, – Şimuşili bildirib.
Rusiya və Namibiya milli komandaları ilk dəfə oktyabrın 3-də Yekaterinburqdakı “Yekaterinburg Arena”da qarşılaşıblar. Yoldaşlıq görüşü Valeri Karpinin rəhbərlik etdiyi Rusiya millisinin 6:0 hesablı qələbəsi ilə başa çatıb.
Rusiya Futbol İttifaqının məlumatına görə, qarşılaşmada Leçi Sadulayev, Danil Prutsev, Konstantin Tyukavin, Maksim Qluşenkov və Matvey Petrov fərqləniblər. Namibiya millisinin qapıçısı Kamaijanda Ndisiro isə matçın sonlarında avtoqola imza atıb.
Namibiya millisinin baş məşqçisi Collin Benjamin də Rusiya ilə cavab qarşılaşmasının keçirilməsi ideyasına müsbət yanaşıb.
Hələlik mümkün cavab matçının tarixi və keçirilib-keçirilməyəcəyi ilə bağlı rəsmi razılaşma açıqlanmayıb.