Avropa İttifaqı Ukraynanın artan hərbi xərclər fonunda 90 milyard avroluq kredit paketindən nəzərdə tutulan ödənişlərin sürətləndirilməsi istəyini qəbul etməyib. Brüssel hesab edir ki, mövcud maliyyə mexanizmləri Ukraynanın 2026-cı ilin sonunadək büdcə və müdafiə ehtiyaclarını qarşılamağa kifayət edir.
MSNews.az xəbər verir ki, “Bloomberg”in mənbələrə istinadən yaydığı məlumata görə, Kiyev müharibə xərclərinin artması nəticəsində yaranmış əlavə maliyyə boşluğunu bağlamaq üçün Aİ-dən kredit ödənişlərinin bir hissəsini önə çəkməyi istəyib. Brüssel isə bunun 2026-cı ildə problemi həll etməklə yanaşı, 2027-ci ildə yeni maliyyə çatışmazlığı yarada biləcəyini əsas gətirib.
“Bloomberg”-in məlumatına görə, Aİ rəsmiləri Ukraynanın təqdim etdiyi bəzi hesablamalarla da razılaşmayıblar və əlavə maliyyələşmədə Kanada, Norveç və Yaponiya kimi tərəfdaşların iştirakının artırılmasını istəyiblər.
Məsələ avqustda Prezident Volodimir Zelenskinin 27 milyard dollarlıq maliyyə boşluğu barədə xəbərdarlığından sonra gündəmə gəlmişdi. Bundan sonra Avropa Komissiyası ilə Ukrayna hökuməti arasında ehtiyacların dəqiq həcmini müəyyənləşdirmək üçün texniki danışıqlar aparılıb.
Oktyabrın 1-də isə Avropa Komissiyası və Ukrayna 2026-cı ilin qalan hissəsi üçün büdcə və müdafiə ehtiyaclarını qarşılamağa imkan verən maliyyə mənbələrinin müəyyən edildiyini açıqlayıblar. Komissiya ertəsi gün bildirib ki, ilin sonuna qədər istifadə oluna biləcək vəsait əvvəlcə təxminən 37 milyard dollar həcmində idi. Yeni ödənişdən sonra bu məbləğ təxminən 34 milyard dollara düşüb.
Maliyyənin əsas mənbələrindən biri Aİ-nin 90 milyard avroluq “Ukraine Support Loan” proqramıdır. Paket 2026 və 2027-ci illəri əhatə edir və hər il üçün təxminən 45 milyard avro nəzərdə tutur. Vəsait həm büdcə ehtiyaclarının, həm də Ukraynanın müdafiə sənayesi imkanlarının maliyyələşdirilməsi üçün ayrılıb.
Bununla belə, ödənişlər avtomatik həyata keçirilmir. Aİ maliyyənin bir hissəsini qanunun aliliyi, korrupsiyaya qarşı mübarizə və digər razılaşdırılmış islahatların icrası ilə əlaqələndirib. Avropa Komissiyası Ukraynanın bu öhdəlikləri yerinə yetirməsinin vəsaitlərin vaxtında ayrılması üçün vacib olduğunu vurğulayır.
Hazırda əsas diqqət artıq 2027-ci ilin maliyyələşdirilməsinə yönəlib. Aİ gələn il üçün 90 milyard avroluq kredit paketinin qalan 45 milyard avroluq hissəsini mümkün qədər operativ ayırmağı planlaşdırır, eyni zamanda digər beynəlxalq tərəfdaşlardan da maliyyə töhfələrini artırmağı istəyir.