Ermənistanın Sünik vilayətinin Şəki kəndində saxlanılan Azərbaycan hərbçisi ilə bağlı cinayət işinin detalları açıqlanıb. Ermənistan Baş Prokurorluğunun məlumatına görə, iş bir neçə maddə üzrə araşdırılsa da, hazırkı mərhələdə hərbçiyə Ermənistan dövlət sərhədini qanunsuz keçmə ilə bağlı ittiham irəli sürülməyib.
MSNews.az xəbər verir ki, Ermənistan Baş Prokurorluğu bu barədə “Azatutyun” radiosunun sorğusuna cavab olaraq məlumat verib.
Cinayət işi silahdan istifadə etməklə sağlamlığa ağır zərər vurma, qanunsuz odlu silah daşıma və mənzil toxunulmazlığını pozma maddələri üzrə araşdırılır.
Baş Prokurorluğun məlumatında daha bir detal açıqlanıb. Bildirilir ki, insident zamanı ayağından güllə yarası alan 39 yaşlı qadının iki uşağı da bədən xəsarətləri alıb. Qadına əvvəlcə Sisian Tibb Mərkəzində yardım göstərilib, daha sonra o, İrəvandakı “Müqəddəs Qriqor Lusavoriç” xəstəxanasına köçürülüb.
Ermənistan Milli Təhlükəsizlik Xidməti daha əvvəl Azərbaycan hərbçisinin Şəki kəndində evlərdən birinə daxil olaraq qadını ayağından vurduğunu və daha sonra saxlanıldığını bildirmişdi. Hadisənin təfərrüatlarının Azərbaycan tərəfinə təqdim edildiyi də açıqlanıb.
Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, saxlanılan şəxs Nəsim Musayevdir. Onun sentyabrın 26-da Laçındakı hərbi hissəni özbaşına tərk etdiyi müəyyənləşdirilib. Azərbaycan və Ermənistanın aidiyyəti qurumları hazırda hadisənin bütün hallarının müəyyənləşdirilməsi məqsədilə təmasları davam etdirirlər.
Maraqlı məqam ondan ibarətdir ki, Azərbaycan DTX sentyabrın 29-da Ermənistan MTX-ni hərbçinin xidmət yerini tərk etdiyi və Ermənistan ərazisinə keçmiş ola biləcəyi barədə məlumatlandırmışdı. Buna baxmayaraq, Ermənistan Baş Prokurorluğunun açıqladığı hazırkı hüquqi təsnifatda sərhədin qanunsuz keçilməsi maddəsi yer almır.