Lixtenşteyn millisinin baş məşqçisi Konrad Fünfştük UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunda Azərbaycanla Bakıda keçiriləcək qarşılaşmanın favoriti kimi Azərbaycan millisini göstərib. Mütəxəssis bununla yanaşı, komandasının Bakıda yaxşı oyun nümayiş etdirməyə çalışacağını bildirib.
MSNews.az xəbər verir ki, Fünfştük Bakıda keçirilən oyunöncəsi mətbuat konfransında komandasının qarşılaşmaya yaxşı hazırlaşdığını deyib.
Lixtenşteyn millisinin baş məşqçisi üç gün əvvəl Malta ilə yoxlama görüşü keçirdiklərini xatırladaraq qarşıdakı matçı səbirsizliklə gözlədiklərini bildirib. Onun sözlərinə görə, məşqçilər korpusu Azərbaycanın Litva ilə oyununu da təhlil edib.
Fünfştük Azərbaycan millisinin xüsusilə yarımmüdafiə və hücum xəttində təhlükəli olduğunu vurğulayıb. O, Lixtenşteyn yığmasının heyətində zədəli futbolçunun olmamasını isə komandası üçün mühüm üstünlük adlandırıb.
Mütəxəssis iki ölkənin futbol imkanları arasındakı fərqə də toxunub. Onun sözlərinə görə, Lixtenşteyn millisində peşəkar futbolla yanaşı başqa işlə məşğul olan futbolçular hələ də var:
“25 il əvvəlki vəziyyət bu gün də demək olar ki, eynidir. Futboldan başqa peşəsi olan çoxlu oyunçumuz var. Azərbaycanlı futbolçuların isə Çempionlar Liqasında çıxış təcrübəsi var. Biz bunu bilirik”.
Fünfştük komandasının son oyunlardakı nəticələrinə münasibət bildirərkən Lixtenşteynin təxminən 40 min əhalisi olan kiçik ölkə olduğunu xatırladıb və Azərbaycanı yenidən matçın favoriti adlandırıb.
“Yalnız nəticə barədə düşünmürük, həm də yaxşı oyun göstərmək istəyirik. Sabah azarkeşlərə pis komanda olmadığımızı göstərməyə çalışacağıq”.