Braziliyanın Kəşfiyyat Agentliyi (ABIN) ölkədə prezident seçkilərinin ilk turuna bir neçə gün qalmış ABŞ və Rusiyanın seçki prosesinə ehtimal olunan müdaxiləsi barədə Fransa və Almaniya rəsmilərini məlumatlandırıb.
Bu barədə “Reuters” mənbələrə və agentliyin tanış olduğu sənədlərə istinadən xəbər yayıb.
MSNews.az xəbər verir ki, Fransa və Almaniya nümayəndələri sentyabrın 9–11-də Avropa İttifaqı nümayəndə heyətinin tərkibində Braziliyaya səfər ediblər. Səfərin məqsədləri arasında Aİ-nin Rəqəmsal Xidmətlər Aktının (DSA) tətbiqinin müzakirəsi və 2026-cı il seçkiləri ərəfəsində koordinasiyalı cavab mexanizmlərinin hazırlanması da olub.
Görüş iştirakçılarından birinin hazırladığı hesabata əsasən, ABIN rəsmiləri ABŞ və Rusiya tərəfindən müdaxilənin mövcudluğunu bildirdiklərini deyiblər.
ABŞ-la bağlı ehtimal olunan müdaxilənin “lawfare” — hüquqi mexanizmlərin siyasi məqsədlər üçün istifadəsindən açıq şəkildə nümayiş etdirilən müdaxiləyədək müxtəlif formalarda özünü göstərdiyi bildirilib. Rusiya ilə bağlı isə ABIN nümayəndələrinin konkret fakt və ya fəaliyyət nümunələri təqdim etmədiyi qeyd olunur.
Görüşdə iştirak etmiş yüksək vəzifəli braziliyalı kibertəhlükəsizlik rəsmisinin “Reuters”ə bildirdiyinə görə, ölkədə kiberhücumların sayı 2025-ci illə müqayisədə təxminən iki dəfə artıb.
Braziliya Prezident Administrasiyasına qarşı sistemlərə müdaxilə və “phishing” cəhdlərində də ciddi artım qeydə alınıb. Mənbə bunu seçki prosesi ilə əlaqələndirib.
Braziliyada prezident seçkilərinin ilk turu oktyabrın 4-də keçiriləcək. Hazırkı prezident Luiz İnasio Lula da Silva yenidən prezidentliyə namizəddir və onun əsas rəqiblərindən biri Liberal Partiyanın namizədi, senator Flavio Bolsonarodur.
ABŞ daha əvvəl Braziliyanın seçkilərinə müdaxilə etməyə çalışması barədə iddiaları rədd edib. “Reuters”in son sorğusuna ABŞ Dövlət Departamenti, ABIN və Rusiyanın Braziliyadakı səfirliyi cavab verməyib. Moskva isə başqa ölkələrin seçkilərinə müdaxilə etməsi ilə bağlı əvvəlki ittihamları dəfələrlə təkzib edib.