Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. Görüşdə Azərbaycan-Böyük Britaniya tərəfdaşlığında müdafiə sənayesi sahəsində əməkdaşlığın yeni istiqamət kimi inkişaf etdirilməsi müzakirə olunub.
MSNews.az xəbər verir ki, Lord Vernon Kioaker Bakıda keçirilən “ADEX 2026” və “Securex Caspian” sərgilərinin əhəmiyyətini vurğulayıb və Böyük Britaniyanın bu tədbirlərdə iştirakda maraqlı olduğunu bildirib.
Britaniyalı nazir Azərbaycanı ölkəsi üçün “çox vacib dost ölkə” adlandıraraq Londonun bu münasibətləri davam etdirməkdə maraqlı olduğunu qeyd edib.
Prezident İlham Əliyev isə “ADEX”in uzun illər ərzində mühüm beynəlxalq tədbirə çevrildiyini bildirib. “ADEX 2026”da Böyük Britaniya Müdafiə Nazirliyi ilə yanaşı, “BAE Systems”, 14 Britaniya şirkətini təmsil edən Kembric Ticarət Palatası və “Rolatube Technology” də təmsil olunur.
Görüşün əsas mövzularından biri iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlıq olub.
Prezident İlham Əliyev Azərbaycanla Birləşmiş Krallıq arasında ikitərəfli tərəfdaşlıqda yeni səhifəyə — müdafiə sənayesi sahəsində əməkdaşlığa qədəm qoyulduğunu vurğulayıb.
Dövlət başçısı Azərbaycanın 20 ildən artıqdır müdafiə sənayesinə sərmayə yatırdığını, hazırda ölkədə həm daxili tələbat, həm də ixrac üçün müdafiə məhsullarının istehsal edildiyini bildirib.
İlham Əliyev müasir silah və avadanlıqların Azərbaycana gətirilməsi ilə yanaşı, ölkədə birgə müəssisələrin yaradılması istiqamətində aparıcı beynəlxalq şirkətlərlə əməkdaşlıq perspektivlərinə toxunub və bu baxımdan Böyük Britaniya ilə tərəfdaşlığın əhəmiyyətini qeyd edib.
“ADEX 2026” Azərbaycanın müdafiə sənayesi imkanlarının nümayiş etdirildiyi əsas beynəlxalq platformalardan biridir. Sərgidə Azərbaycan Ordusunun silahlanmasında olan artilleriya, aviasiya və pilotsuz sistemlərlə yanaşı, yerli müdafiə sənayesi müəssisələrinin məhsulları da nümayiş olunur.






