Rusiyada uşaq bağçalarının proqramı dəyişir

Rusiya məktəbəqədər təhsil standartını yeniləməyə hazırlaşır. Uşaq bağçalarında “ənənəvi mənəvi dəyərlər”, vətənpərvərlik və vətəndaş kimliyinə daha çox yer ayrılır.

75

Rusiyada məktəbəqədər təhsilin məzmununun yenilənməsi və uşaqların erkən yaşlardan “ənənəvi Rusiya mənəvi-əxlaqi dəyərləri”, vətənpərvərlik və vətəndaş kimliyi əsasında tərbiyəsinə ayrılan yerin artırılması planlaşdırılır. Maarif naziri Sergey Kravtsov dəyişikliklərin yeni məktəbəqədər təhsil standartında əksini tapacağını açıqlayıb.

MSNews.az xəbər verir ki, Kravtsovun sözlərinə görə, uşaq bağçasında uşağın doğma mədəniyyət, ədəbiyyat, adət-ənənələr və mənəvi istiqamətlərlə tanışlığı hərf və rəqəmlərin əzbərlənməsindən daha vacib olmalıdır. Nazir bildirib ki, bu yanaşma məktəbəqədər təhsilin yenilənəcək federal dövlət standartının əsas istiqamətlərindən birinə çevriləcək.

Bu istiqamətdə ilk layihələr artıq tətbiq olunur. Sentyabrın 8-də Rusiya Maarif Nazirliyi ölkənin uşaq bağçalarında “Dobriye iqri” (“Xeyirxah oyunlar”) və “Orlyata-doşkolyata” (“Məktəbəqədər qartal balaları”) layihələrinin başladığını rəsmən açıqlayıb. Nazirlik onların məqsədini uşaqları “ənənəvi Rusiya mənəvi-əxlaqi dəyərləri” ilə tanış etmək kimi müəyyənləşdirir.

“Dobriye iqri” 3–7 yaşlı uşaqlar üçün nəzərdə tutulub və oyunlar, söhbətlər, yaradıcı tapşırıqlar, kitab oxuma və birgə fəaliyyətlərdən ibarətdir. Proqramda ailə, Vətən, əmək, mədəniyyət, dostluq, mərhəmət və “Rusiya xalqlarının birliyi” ayrıca dəyərlər kimi göstərilir. Layihənin rəsmi materiallarının 2026/27-ci tədris ilində tövsiyə xarakteri daşıdığı və iştirakın məcburi olmadığı bildirilir.

Digər layihə — “Orlyata-doşkolyata” isə əsasən 6–7 yaşlı uşaqları əhatə edir. Rusiya Maarif Nazirliyinin məlumatına görə, proqram uşaqlarda erkən yaşlardan vətəndaş kimliyinin formalaşdırılmasına və sonradan məktəblərdə fəaliyyət göstərən “Orlyata Rossii” proqramına keçidə hazırlığa xidmət edir. Layihə 2026-cı ilin əvvəlində 10 regionda 1500-dən çox uşaq üzərində sınaqdan keçirilib.

“Dobriye iqri” layihəsinin rəsmi saytında Krıma ayrıca mövzu ayrıldığı da görünür. Müxtəlif yaş qrupları üçün “Krım” mövzusunda dərs ssenariləri, kartlar, plakatlar və valideynlər üçün kitab və cizgi filmi tövsiyələri hazırlanıb.

Açıq yayımlanmış metodiki materiallardan birində 6–7 yaşlı uşaqlarda Krım haqqında “Rusiyanın tarixi hissəsi” və “evə qayıtmış” ərazi təsəvvürünün formalaşdırılması məqsəd kimi göstərilir.

Bu məqam xüsusilə siyasi xarakter daşıyır: Rusiya 2014-cü ildə Krımı ilhaq edib. Moskva yarımadanı Rusiya ərazisi hesab etsə də, ilhaq beynəlxalq səviyyədə geniş şəkildə tanınmır.

Proqramın daha geniş konsepsiyasında uşaqlara Vətən sevgisi, Rusiya tarixinə maraq, “Vətən qəhrəmanları”, xalq ənənələri, əmək, ailə və vətəndaş məsuliyyəti kimi mövzuların oyun və yaradıcı məşğələlər vasitəsilə çatdırılması nəzərdə tutulur.

Rusiya Maarif Nazirliyi bu dəyişiklikləri mənəvi-əxlaqi tərbiyə və uşaqların mədəni kimliyinin formalaşdırılması kimi təqdim edir. Krımın siyasi statusuna dair Rusiyanın rəsmi mövqeyinin məktəbəqədər yaşlı uşaqlar üçün materiallara daxil edilməsi isə proqramın sırf ümumi mənəvi tərbiyə ilə məhdudlaşmadığını göstərir.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.