Belarusda seçki prosesində insan hüquqlarının kobud şəkildə pozulması ilə bağlı qalmaqallı hadisə gündəmə gəlib.
Yerli sakinin sosial şəbəkələrdə yaydığı məlumata görə, o, güclü doğuş sancıları keçirdiyi vaxtda doğumöncəsi palataya səyyar seçki komissiyasının üzvləri daxil olaraq portativ seçki qutusu ilə ondan Aleksandr Lukaşenko üçün səs verməyi tələb ediblər.
Qadının bildirdiyinə görə, nümayəndə heyətində olan qadınlardan biri onu rahat buraxmağı təklif etsə də, seçki komissiyasının nümayəndəsi “heç nə olmaz, sancılar bir azdan keçər, o da işarəsini qoyar” deyərək səsvermənin mütləq keçirilməsində israr edib. Bundan sonra qadının əlinə bülleten və qələm verilib və o, ağrı içində ağlayaraq və qışqıra-qışqıra səs verməyə məcbur edilib. Hadisə ilə bağlı rəsmi qurumlardan hələlik açıqlama verilməyib.