Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 31-də Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində görüşərək sülh prosesinin davamı, iqtisadi əlaqələr, sərhədlərin delimitasiyası və TRIPP marşrutunun həyata keçirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
MSNews.az xəbər verir ki, bu barədə həm Azərbaycan Prezidentinin rəsmi internet saytında, həm də Ermənistan Baş nazirinin rəsmi saytında eyni məzmunlu bəyanat yayılıb. Tərəflər 8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilən Sülh Zirvəsinin, Donald Trampın şahidliyi ilə imzalanmış Birgə Bəyannamənin və Azərbaycan-Ermənistan sülh sazişinin razılaşdırılmış mətninin paraflanmasının tarixi əhəmiyyətini vurğulayıblar.
Görüşdə Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, üçüncü ölkələrdən taxıl və digər malların Azərbaycan ərazisindən tranziti, eləcə də iki ölkə arasında ticarət əlaqələrinin qurulması “sülh dividendlərinin” praktiki təzahürü kimi qiymətləndirilib. Liderlər işgüzar dairələr arasındakı təmasları da müsbət dəyərləndirərək iqtisadi, ticarət və enerji əməkdaşlığının genişləndirilməsi imkanlarını müzakirə ediblər.
Əliyev və Paşinyan Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə müvafiq komissiyaların fəaliyyətinin davam etdirilməsinin vacibliyini də qeyd ediblər. Tərəflər bu işin artıq əldə edilmiş razılaşmalara uyğun aparılmalı olduğunu vurğulayıblar.
Görüşün əsas mövzularından biri “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” — TRIPP olub. Liderlər layihənin həyata keçirilməsi üzrə növbəti praktiki addımları və marşrut boyunca bağlantı layihələrinin əhəmiyyətini müzakirə ediblər.
Bundan başqa, parlament üzvləri və vətəndaş cəmiyyəti nümayəndələri arasında etimad quruculuğuna yönəlmiş təmaslar müsbət qiymətləndirilib. Tərəflər bu dialoqun qarşılıqlı etimadın möhkəmlənməsinə və daha geniş sülh gündəliyinə töhfə verdiyini bildiriblər.
Görüşün sonunda İlham Əliyev və Nikol Paşinyan birbaşa ikitərəfli təmasları davam etdirmək, davamlı sülhü möhkəmləndirmək, dövlətlərarası münasibətlərin normallaşdırılmasını irəlilətmək və regional bağlantıları gücləndirmək barədə razılığa gəliblər.