Ukraynanın sabiq müdafiə naziri Mixailo Fedorov İtaliyanın müdafiə naziri Quido Krozettonun müdafiə innovasiyaları üzrə müşaviri olub.
MSNews.az xəbər verir ki, təyinat avqustun 28-də Fedorovun Romada Krozetto ilə görüşündən sonra açıqlanıb. İtaliya Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, görüşdə əsas diqqət dronlara, pilotsuz sistemlərə, hava hücumundan müdafiəyə və hərbi texnologiyaların inkişafına yönəlib.
Krozetto bildirib ki, Fedorovun Ukraynada rəqəmsal və hərbi innovasiyalar sahəsində qazandığı təcrübə İtaliyanın yeni texnologiyaları daha sürətlə praktiki hərbi həllərə çevirməsinə kömək edə bilər.
“Reuters” yazır ki, 35 yaşlı Fedorov 2026-cı ilin yanvarında Ukraynanın müdafiə naziri təyin edilmiş, iyulda isə vəzifəsindən azad olunmuşdu. O, nazir olduğu müddətdə dron texnologiyalarının inkişafı, hərbi satınalmaların və səfərbərlik sisteminin islahatı ilə bağlı təşəbbüslərlə tanınıb.
İtaliya tərəfinin məlumatına görə, Fedorova başqa ölkələrdən də əməkdaşlıq təklifləri gəlib, lakin o, Krozettonun təklifini qəbul edib. Bu barədə “ANSA” məlumat yayıb.
Fedorov isə yeni vəzifəsinin Ukraynadakı fəaliyyətindən imtina etməsi anlamına gəlmədiyini vurğulayıb. O bildirib ki, əsas diqqəti Ukraynada müdafiə qabiliyyətinin gücləndirilməsinə və beynəlxalq tərəfdaşlardan əlavə resursların cəlb olunmasına yönəlmiş layihələrdə qalacaq.
“Bu rolda İtaliyaya müasir müharibə texnologiyalarını inkişaf etdirmək, müdafiə sahəsini təkmilləşdirmək və dünyadakı yeni təhlükəsizlik çağırışlarına uyğunlaşmaqda kömək edəcəyəm”, – Fedorov bildirib. Onun açıqlamasını “Ukrainska Pravda” yayıb.
Fedorov hələ iyulda vəzifədən çıxarıldıqdan sonra xaricdə daimi işləməyə getməyəcəyini və Ukraynada qalaraq müdafiə texnologiyaları ilə bağlı layihələr üzərində çalışacağını demişdi.