Saida Mirziyoyeva Pekində Çinin xarici işlər naziri Van İ ilə görüşüb

Özbəkistan Prezident Administrasiyasının rəhbəri Saida Mirziyoyeva Pekində Çinin xarici işlər naziri Van İ ilə görüşərək strateji tərəfdaşlıq, investisiyalar, ticarət, nəqliyyat və yeni texnologiyalar üzrə əməkdaşlığı müzakirə edib.

38

Özbəkistan Prezident Administrasiyasının rəhbəri Saida Mirziyoyeva avqustun 26-da Pekində Çinin xarici işlər naziri Van İ ilə görüşüb.

MSNews.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər Özbəkistan-Çin münasibətlərinin daha da inkişaf etdirilməsi, iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi, eləcə də regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Van İ Çin Prezidenti Si Cinpinin salamlarını Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə çatdırıb. Çinli nazir iki dövlət başçısının strateji rəhbərliyi altında münasibətlərin sürətlə inkişaf etdiyini və “yeni dövr üçün hərtərəfli strateji tərəfdaşlıq” səviyyəsinə yüksəldiyini bildirib.

Pekin Özbəkistanın suverenliyinin, təhlükəsizliyinin və inkişaf maraqlarının qorunmasına, həmçinin Şavkat Mirziyoyevin “Yeni Özbəkistan” siyasətinə dəstəyini davam etdirəcəyini bəyan edib.

Görüşdə iqtisadiyyat, ticarət və investisiyalarla yanaşı, energetika və mineral ehtiyatlar sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Tərəflər süni intellekt və bərpaolunan enerji kimi yeni istiqamətlərdə birgə layihələrin inkişaf etdirilməsinə də maraq göstəriblər.

Danışıqların əsas mövzularından biri Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsi olub. Van İ layihənin tikintisinin sürətləndirilməsinin vacibliyini vurğulayıb.

Saida Mirziyoyeva isə Şavkat Mirziyoyevin salamlarını Si Cinpinə çatdıraraq iki ölkə lideri arasındakı münasibətlərin Özbəkistan-Çin əməkdaşlığını yeni səviyyəyə qaldırdığını bildirib.

O, Daşkəndin Çinlə yüksək səviyyəli siyasi təmasları davam etdirmək, strateji qarşılıqlı etimadı gücləndirmək və kənd təsərrüfatı, elm və texnologiya, mineral ehtiyatlar, təhsil, mədəni-humanitar əlaqələr və rəqəmsal iqtisadiyyat sahələrində praktiki əməkdaşlığı genişləndirmək niyyətində olduğunu qeyd edib.

Özbəkistan tərəfi Çinin dövlət idarəçiliyi və xüsusilə yoxsulluğun azaldılması sahəsindəki təcrübəsini öyrənməkdə maraqlı olduğunu da bildirib.

Tərəflər həmçinin çoxtərəfli əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər. Saida Mirziyoyeva Özbəkistanın Çinlə birlikdə Şanxay Əməkdaşlıq Təşkilatının inkişafı və möhkəmləndirilməsi istiqamətində işləməyə hazır olduğunu bildirib.

Çin tərəfi isə Daşkənd və Pekin arasında beynəlxalq və regional platformalarda koordinasiyanın daha da gücləndirilməsinin tərəfdarı olduğunu bəyan edib.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.