UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün liqa mərhələsinin püşkü atılıb.
MSNews.az xəbər verir ki, Monakoda keçirilən püşkatmada turnirin əsas mərhələsində iştirak edən 36 komandanın səkkiz rəqibi müəyyənləşib. UEFA-nın rəsmi məlumatına görə, tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə yüksələn Azərbaycanın “Sabah” klubu Avropanın bir sıra nəhəngləri ilə qarşılaşacaq.
“Sabah” “Barselona”, Dortmund “Borussiya”sı, “Napoli” və “Slaviya Praqa”nı Bakıda qəbul edəcək.
Azərbaycan təmsilçisi səfərdə isə “Arsenal”, “Mançester Yunayted”, “Vilyarreal” və “Viking”lə üz-üzə gələcək.
Beləliklə, “Sabah” liqa mərhələsində İngiltərənin iki nəhəngi – “Arsenal” və “Mançester Yunayted”lə yanaşı, İspaniya çempionatının təmsilçiləri “Barselona” və “Vilyarreal”, Almaniyanın Dortmund “Borussiya”sı və İtaliyanın “Napoli” klubu ilə mübarizə aparacaq.
Yeni formatda 36 klub vahid liqada yer alır. Hər komanda dördünü evdə, dördünü səfərdə olmaqla səkkiz fərqli rəqiblə qarşılaşır. İlk səkkiz yeri tutan komandalar birbaşa 1/8 finala yüksələcək, 9–24-cü yerlərin sahibləri isə pley-off mərhələsində mübarizə aparacaqlar.
Liqa mərhələsi sentyabrın 8-də başlayacaq və 2027-ci il yanvarın 27-də başa çatacaq. Konkret oyun tarixləri və başlama saatları UEFA tərəfindən ayrıca açıqlanacaq.
Püşkatmanın diqqətçəkən nəticələri arasında PSJ – “Barselona”, PSJ – “Mançester Siti”, “Real Madrid” – “İnter”, “Arsenal” – “Real Madrid” və “Bavariya” – “Mançester Yunayted” qarşılaşmaları da var. “Reuters” püşkün liqa mərhələsində bir sıra yüksək səviyyəli duellər yaratdığını qeyd edir.