Qlükzmann əslində Rusiyaya qarşı sərt mövqeyi ilə tanınır

“The Telegraph” Fransa prezidentliyinə namizəd Rafael Qlükzmannı “sovet casusunun nəvəsi” kimi təqdim edib. Onun babasının sovet kəşfiyyatı ilə əlaqəsi təsdiqlənsə də, Qlükzmann özü Avropa inteqrasiyası, Ukraynaya dəstək və Rusiyaya qarşı sərt siyasətin tərəfdarıdır.

10

Britaniyanın “The Telegraph” qəzeti 2027-ci il Fransa prezident seçkilərində iştirak edəcəyini açıqlayan mərkəz-sol siyasətçi Rafael Qlükzmann barədə məqaləni “Sovet casusunun nəvəsi Fransa prezidentliyinə namizəd olur” başlığı ilə dərc edib. Başlıqdakı fakt tarixi baxımdan əsaslı olsa da, Qlükzmannın öz siyasi mövqeyi onun babasının fəaliyyəti ilə tamamilə zidd istiqamətdədir.

MSNews.az xəbər verir ki, Qlükzmann avqustun 23-də Fransanın TF1 telekanalında 2027-ci il prezident seçkilərinə namizəd olduğunu rəsmən elan edib. “Reuters” onu Avropayönlü və Ukraynaya qəti dəstək verən mərkəz-sol siyasətçi, liberal demokratiyanın tərəfdarı kimi xarakterizə edir.

“The Telegraph”ın vurğuladığı ailə tarixçəsi isə doğrudur. Rafael Qlükzmannın ata babası Rubin Qlükzmann 1920-ci illərdə Fələstində kommunist hərəkatına qoşulub, daha sonra Komintern tərəfindən cəlb edilib və Almaniya, Fransa və Britaniyada sovet kəşfiyyatına xidmət edib. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sonradan məxfilikdən çıxarılmış sənədlərində onun Londondakı “Far Eastern Fur Trading Co.” şirkətinin sovet kəşfiyyatı üçün örtük strukturu olduğunu etiraf etdiyi göstərilir. Rubin Qlükzmann 1940-cı ildə Kanadaya internasiya üçün aparılarkən “Arandora Star” gəmisinin alman sualtı qayığı tərəfindən batırılması nəticəsində ölüb.

Lakin ailənin növbəti nəslində siyasi xətt kəskin şəkildə dəyişib. Rafaelin atası, filosof Andre Qlükzmann gəncliyində kommunist və maoçu olsa da, Aleksandr Soljenitsının “QULAQ arxipelaqı” əsərinin təsiri ilə marksizmdən uzaqlaşıb və Sovet totalitarizminin ən tanınmış fransız tənqidçilərindən birinə çevrilib. “Le Monde” onun Çeçenistan məsələsində Moskvanın siyasətinə açıq qarşı çıxdığını yazır.

Andre Qlükzmann sonrakı illərdə açıq atlantist və hərbi müdaxilələrin tərəfdarı olub. O, 1999-cu ildə NATO-nun Serbiyaya qarşı əməliyyatını, 2003-cü ildə ABŞ-nin İraqa müdaxiləsini dəstəkləyib və Çeçenistanın müstəqilliyini müdafiə edib. “El País” onun həm Kosovo, həm İraq, həm də Çeçenistan məsələlərində Qərbin daha fəal müdaxiləsinə tərəfdar olduğunu qeyd edib.

Rafael Qlükzmannın öz siyasi bioqrafiyası da Moskva ilə yaxınlıq deyil, əksinə postsovet məkanında Avropayönlü və Rusiyaya qarşı mövqelərlə bağlıdır. “Le Monde” onun 2009-cu ildən Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin müşaviri kimi çalışdığını, əsas fəaliyyət istiqamətlərindən birinin Gürcüstanın Avropaya inteqrasiyası olduğunu yazıb. Qlükzmann 2008-ci il Rusiya-Gürcüstan müharibəsindən sonra Saakaşvilinin yaxın siyasi tərəfdarlarından birinə çevrilib.

Hazırda da Qlükzmann Ukraynaya hərbi və siyasi dəstəyin gücləndirilməsini, Avropanın müdafiə qabiliyyətinin artırılmasını və Vladimir Putinin Rusiyasına qarşı sərt xətti müdafiə edir. “Reuters” onun prezidentlik kampaniyasını açıq şəkildə Avropayönlü və Ukraynayönlü siyasi platforma kimi xarakterizə edir.

Bu səbəbdən “sovet casusunun nəvəsi” ifadəsi Qlükzmannın ailə tarixçəsi barədə fakt olsa da, bundan onun Kremlin mövqelərinə yaxın olduğu nəticəsini çıxarmaq üçün heç bir əsas yoxdur. Üstəlik, “The Telegraph”ın məqaləsinin özündə də Qlükzmannın Avropa inteqrasiyası və Ukraynaya dəstək tərəfdarı olduğu qeyd olunur. Başlığın “Kremlin adamıdır” mesajı verdiyi isə fakt deyil, onun necə qəbul edilə biləcəyi barədə şərhdir.