Fransa Prezidenti Emmanuel Makron ölkənin bütün liseylərində şagirdlərin mobil telefon və digər internetə qoşulan cihazlardan istifadəsini qadağan edən qanunu imzalayıb. Yeni qayda 2026-2027-ci tədris ilinin başlanğıcından qüvvədə olacaq.
MSNews.az xəbər verir ki, Makron avqustun 24-də “X” hesabında qərarı açıqlayaraq uşaqları ekranlardan həddindən artıq istifadənin mənfi təsirlərindən qorumağın daha təxirə salına bilməyəcəyini bildirib.
“Mən liseylərdə mobil telefonları yeni tədris ilindən qadağan edən qanunu indicə imzaladım. Telefonsuz məktəb tədrisdə sakitliyə qayıdış deməkdir”, – Fransa Prezidenti bildirib.
“AFP” yazır ki, qanun avqustun 24-də rəsmən təsdiqlənib və yeni tədris ilinin başlanması ilə tətbiq ediləcək. Fransa hökumətinin məlumatına görə, liseylər qadağanın necə həyata keçiriləcəyini öz daxili qaydalarında müəyyənləşdirəcəklər.
Fransanın Təhsil Nazirliyinin rəsmi məlumatına əsasən, telefonların şagirdlər tərəfindən məktəb, kollec və lisey ərazisində, həmçinin tədrislə bağlı müəssisədənkənar fəaliyyətlər zamanı istifadəsi qadağan edilir. Liseylər telefonların fərdi şkaflarda, xüsusi kilidli çantalarda və ya kollektiv saxlama yerlərində saxlanılması kimi müxtəlif üsullar seçə biləcəklər.
Qadağa tam istisnasız deyil. Telefonlardan müəllimin nəzarəti altında pedaqoji məqsədlərlə istifadə oluna bilər. Səhhəti və ya əlilliyi səbəbindən xüsusi ehtiyacı olan şagirdlərə də istisnalar tətbiq ediləcək. Liseylərin daxilində ali təhsil proqramlarında oxuyan tələbələr üçün ayrıca rejim müəyyənləşdirilə bilər.
Fransada ibtidai məktəblərdə və kolleclərdə mobil telefon istifadəsi 2018-ci ildən qadağandır. Yeni qanun bu rejimi liseylərə də genişləndirərək məktəbəqədər təhsildən liseyin sonuna qədər telefon istifadəsinə vahid yanaşma yaradır. Fransa Təhsil Nazirliyinin yanvar sorğusuna görə, liseylərin 28 faizi ümummilli qadağa qüvvəyə minməmişdən əvvəl buna bənzər sistem tətbiq etmişdi.
Qanun əvvəlcə 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinin də qadağan edilməsini nəzərdə tuturdu. Lakin Fransa Konstitusiya Şurası avqustun 14-də həmin müddəaları Konstitusiyaya zidd hesab edərək ləğv edib. Liseylərdə telefon qadağası isə hüquqi yoxlamadan keçib və qüvvədə saxlanılıb. “Le Monde” hökumətin sosial şəbəkələrlə bağlı ayrıca yeni hüquqi mexanizm hazırlamağı planlaşdırdığını bildirir.