Priqojin “Vaqner”in biznesini Belarus üzərindən genişləndirir

“The Wall Street Journal”ın araşdırmasına görə, Yevgeni Priqojinin oğlu Pavel Priqojin Mərkəzi Afrika Respublikasından Belarusa qızıl ixracını təşkil edib. “Vaqner”lə əlaqəli biznes şəbəkəsinin illik gəliri 400 milyon dolları ötür.

15

Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin mərhum qurucusu Yevgeni Priqojinin oğlu Pavel Priqojin atasından miras qalan biznes şəbəkəsini Afrikada genişləndirib. Araşdırmalara görə, 28 yaşlı Priqojin son üç ay ərzində Mərkəzi Afrika Respublikasından (MAR) Belarusa qızıl daşınmasını təşkil edib. Onun nəzarətindəki biznes strukturlarının illik gəlirinin 400 milyon dolları keçdiyi bildirilir.

MSNews.az xəbər verir ki, bu barədə ABŞ-nin “The Wall Street Journal” qəzeti yerli rəsmilərə, keçmiş “Vaqner” əməkdaşlarına və beynəlxalq tədqiqatçılara istinadən araşdırma dərc edib.

Məlumata görə, Pavel Priqojin bu ilin aprelində Mərkəzi Afrika Respublikasının paytaxtı Banqidə yerləşən oteldə “Vaqner” nümayəndələri və ölkə hökumətinin rəsmiləri ilə gizli görüş keçirib.

Danışıqların əsas mövzusu qızılın beynəlxalq nəzarət mexanizmlərindən yayınmaqla xaricə çıxarılması olub. Xüsusilə əvvəllər istifadə edilən Birləşmiş Ərəb Əmirlikləri bazarından yan keçən yeni ixrac marşrutları müzakirə edilib.

Qəzetin mənbələrinin iddiasına görə, MAR-ın mədən sənayesi naziri qızılın dövlət mülkiyyəti kimi rəsmiləşdirilməsi üçün sənədləşməyə kömək göstərməyə razılaşıb. Bundan sonra qiymətli metalın Belarus istiqamətində daşınmasına başlanılıb.

Araşdırmada bildirilir ki, Pavel Priqojin 2023-cü ilin avqustunda atasının təyyarə qəzasında həlak olmasından sonra “Vaqner”in Mərkəzi Afrika Respublikasındakı fəaliyyətini nəinki qoruyub, hətta genişləndirib.

Beynəlxalq Mütəşəkkil Cinayətkarlığa Qarşı Qlobal Təşəbbüs (Global Initiative Against Transnational Organized Crime) təşkilatının hesablamalarına əsasən, qruplaşmanın nəzarət etdiyi ən böyük qızıl mədənində illik hasilatın dəyəri təxminən 250 milyon dollara çatır.

Priqojin ailəsinin qanuni və qanunsuz fəaliyyətlərlə əlaqələndirilən biznes strukturlarının ümumi illik gəliri isə 400 milyon dollardan çox qiymətləndirilir. Bu rəqəm müstəqil audit nəticəsi deyil, tədqiqatçıların hesablamasıdır.

“Vaqner”lə əlaqəli strukturların gəlir mənbələri yalnız qızıl hasilatı ilə məhdudlaşmır. WSJ-nin araşdırmasında onların Sudan və Liviyadakı silahlı qruplaşmalara silah satışı, spirtli içki istehsalı və opioid tərkibli tramadol preparatının yerli bazarda dövriyyəsinə nəzarətlə məşğul olduqları da iddia edilir.

Hazırda Mərkəzi Afrika Respublikasında Pavel Priqojinin rəhbərliyi altında təxminən 500 muzdlu döyüşçünün fəaliyyət göstərdiyi bildirilir. Onlar Prezident Fosten-Arkanj Tuaderanın təhlükəsizliyinin təmin edilməsində iştirak edir və hökumət qüvvələrinin üsyançılara qarşı əməliyyatlarına dəstək verirlər.

Atasının ölümündən sonra Moskva “Vaqner”in Afrikadakı fəaliyyətini Rusiya Müdafiə Nazirliyinə tabe olan “Afrika Korpusu”nun nəzarətinə keçirməyə çalışıb. Lakin qəzetin mənbələrinə görə, MAR Prezidenti Tuadera “Vaqner” döyüşçülərinin rusiyalı hərbçilərlə əvəz edilməməsini şəxsən xahiş edib.

Bu isə Pavel Priqojinin ölkədəki hərbi və iqtisadi mövqelərini saxlamasına şərait yaradıb.

Məlumata görə, Priqojin əsasən Sankt-Peterburqda yaşayır, lakin mütəmadi olaraq Banqiyə səfər edir. Paytaxtdakı “Ledger Plaza” oteli onun yerli fəaliyyətinin əsas mərkəzlərindən biri kimi göstərilir.

Qeyd edək ki, Belarus vasitəsilə qızıl ixracı, silah ticarəti və narkotik dövriyyəsinə nəzarətlə bağlı məlumatlar jurnalist araşdırmasının mənbələrinə əsaslanır.