Putin kritik infrastrukturu qoruya bilməyən bizneslərin idarəsini dövlətə verməyə icazə verib

Vladimir Putinin 604 saylı fərmanı Rusiyada kritik infrastruktur obyektlərini PUA hücumlarından yetərincə qorumayan və ya zərərdən sonra vaxtında bərpa etməyən şirkətlərin aktivlərinin müvəqqəti dövlət idarəçiliyinə verilməsinə imkan yaradır.

14

Rusiya Prezidenti Vladimir Putin kritik infrastruktur obyektlərini təhlükələrdən, o cümlədən pilotsuz uçuş aparatlarının hücumlarından lazımi səviyyədə qorumayan şirkətlərin əmlak və aktivlərinin müvəqqəti dövlət idarəçiliyinə verilməsinə imkan yaradan fərman imzalayıb.

MSNews.az xəbər verir ki, avqustun 24-də imzalanmış 604 saylı fərman yanacaq-energetika, sənaye, rabitə, nəqliyyat, logistika, kommunal təsərrüfat, nüvə energetikası və digər strateji əhəmiyyətli obyektlərə şamil olunur. Sənədin mətni “Rossiyskaya qazeta”da dərc edilib.

Fərmana əsasən, müvəqqəti idarəçilik yalnız müəssisənin hücuma məruz qalması faktına görə avtomatik tətbiq edilmir. Bunun üçün sahibkarın təhlükəsizlik tədbirlərini görməməsi və ya gecikdirməsi, müəyyən edilmiş təhlükəsizlik tələblərini pozması, PUA hücumlarının qarşısının alınmasına yönəlmiş tədbirlərin səmərəsiz olması, yaxud zədələnmiş obyektin vaxtında bərpa edilməməsi əsas kimi göstərilir.

Belə halda Rusiya hökuməti Prezidentin tapşırığı əsasında şirkətin bütün və ya müəyyən daşınar və daşınmaz əmlakını, qiymətli kağızlarını, şirkətlərdəki paylarını və əmlak hüquqlarını müvəqqəti idarəçiliyə verə bilər. Standart halda idarəçi Federal Dövlət Əmlakının İdarə Edilməsi Agentliyi — “Rosimuşestvo” olacaq.

Bununla belə, “Rosimuşestvo”ya əmlakı satmaq və ya onun üzərində sərəncam vermək hüququ verilmir. Agentlik sahibin idarəetmə səlahiyyətlərini həyata keçirə, inventarizasiya apara və əmlakın qorunmasını təmin edə bilər. Müvəqqəti idarəçilik yalnız hökumətin Prezidentin tapşırığı əsasında qəbul etdiyi ayrıca qərarla dayandırıla bilər.

“Reuters” qeyd edir ki, fərman Ukraynanın Rusiya neft emalı və logistika infrastrukturlarına uzaqmənzilli PUA hücumlarını artırdığı bir vaxtda qəbul edilib. Son həftələrdə “Wildberries” və “Ozon”un bir sıra iri anbar-logistika obyektləri də hücumlara məruz qalıb. Fərman həmin şirkətlərin adını çəkməsə də, logistika kompleksləri sənəddə kritik infrastruktur kateqoriyasına açıq şəkildə daxil edilib.

Kremlin sözçüsü Dmitri Peskov qərarı bəzi biznes sahiblərinin antidron təhlükəsizliyinə “kifayət qədər diqqət yetirməməsi” ilə əsaslandırıb. Baş nazirin birinci müavini Denis Manturov isə bunun milliləşdirmə olmadığını və mülkiyyət formasını dəyişdirmədiyini bildirib. Onun sözlərinə görə, mexanizm kütləvi deyil, konkret təhlükəsizlik problemlərinin həlli üçün “nöqtəvi” şəkildə tətbiq olunacaq.

Bununla yanaşı, Rusiya biznes dairələrində mexanizmin tətbiq meyarları ilə bağlı suallar yaranıb. “Kommersant” yazır ki, ekspertlər müəssisə sahibinin üzərinə düşən müdafiə öhdəliyi ilə dövlətin, xüsusilə Müdafiə Nazirliyinin hava hücumundan müdafiəyə görə məsuliyyəti arasındakı sərhədin tam aydın olmadığını bildirirlər.

Beləliklə, yeni fərman “müəssisəyə PUA dəydisə, dövlət onu dərhal sahibindən alacaq” anlamına gəlmir. Lakin dövlət təhlükəsizlik tədbirlərini qeyri-kafi hesab edərsə və Prezidentin tapşırığı əsasında hökumət qərar verərsə, özəl sahib müəssisə və digər aktivləri üzərində faktiki idarəetmə nəzarətini müvəqqəti itirə bilər.