Yeni Daşkənddə “Azərbaycan” parkının təməli qoyulub

Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev Yeni Daşkənddə “Azərbaycan” parkının təməlini qoyublar. Park Azərbaycanın tarixi, mədəniyyəti və milli ənənələrini əks etdirəcək.

20

Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev avqustun 23-də Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməlini qoyublar.

MSNews.az xəbər verir ki, park Azərbaycanın zəngin mədəniyyətini, çoxəsrlik tarixini və milli ənənələrini əks etdirən ictimai məkan kimi yaradılacaq. Özbəkistan Prezidentinin rəsmi saytında da Yeni Daşkənddə “Azərbaycan” parkının tikintisinə başlanmasının İlham Əliyevin dövlət səfərinin mühüm humanitar layihələrindən biri olduğu bildirilib.

Layihənin Azərbaycan və Özbəkistan xalqları arasında tarixi dostluq, qardaşlıq və mədəni yaxınlığın daha da möhkəmləndirilməsinə xidmət etməsi nəzərdə tutulur.

Yeni Daşkənddə “Azərbaycan” parkının salınması qarşılıqlı mədəni layihələrin davamıdır. 2025-ci il iyulun 2-də İlham Əliyev və Şavkat Mirziyoyev Bakının Ağ Şəhər ərazisində “Özbəkistan” parkının təməlini qoyublar. Azərbaycan Prezidentinin rəsmi saytının məlumatına görə, 5 hektarlıq həmin park Özbəkistanın xəritəsi formasında layihələndirilib və burada ölkənin Daşkənd, Səmərqənd, Buxara, Xivə və Kokand kimi tarixi-mədəni mərkəzlərinin memarlığını əks etdirən məkanların yaradılması nəzərdə tutulur.

Bakıda “Özbəkistan”, Yeni Daşkənddə isə “Azərbaycan” parklarının yaradılması iki ölkə arasında mədəni əlaqələrin və xalqlar arasındakı dostluğun rəmzi kimi qiymətləndirilir.

“Azərbaycan” parkının təməlqoyma mərasimi Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində keçirilib. Səfər zamanı tərəflər siyasi, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi ilə yanaşı, xalqlar arasında mədəni əlaqələrin daha da gücləndirilməsini prioritet istiqamətlərdən biri kimi müəyyənləşdiriblər.