İlham Əliyev “Yeni Daşkənd” layihəsi ilə tanış olub

Prezident İlham Əliyev Özbəkistanın ən iri şəhərsalma layihəsi olan “Yeni Daşkənd”lə tanış olub. Meqalayihədə müasir inzibati, yaşayış, təhsil və enerji infrastrukturu yaradılır.

22

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 23-də Özbəkistanın ən böyük şəhərsalma layihəsi olan **“Yeni Daşkənd”**lə tanış olub.

MSNews.az xəbər verir ki, “Yeni Daşkənd” iqtisadiyyat, investisiya, nəqliyyat, təhsil, ekologiya və rəqəmsal texnologiyaları vahid şəhər məkanında birləşdirən müasir model kimi qurulur. Layihə tam həyata keçirildikdən sonra 260 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Hazırda tikinti prosesində 10 mindən artıq işçi çalışır.

Özbəkistan Prezidentinin rəsmi saytı bildirir ki, şəhərin birinci mərhələsi 6 min hektarı əhatə edəcək və burada 600 min nəfərin yaşaması və işləməsi üçün infrastruktur yaradılacaq. Layihə tam reallaşdıqda isə “Yeni Daşkənd”in təxminən 2 milyon nəfərlik meqapolisə çevrilməsi planlaşdırılır. Ərazidə 60-dan çox dövlət qurumu üçün inzibati binaların inşası nəzərdə tutulub.

Yeni şəhərin əsas xüsusiyyətlərindən biri enerji səmərəliliyinə yönəlmiş trigenerasiya texnologiyasıdır. Bu sistem elektrik enerjisinin istehsalı, istilik və soyutmanı vahid texnoloji zəncirdə birləşdirir. “Özbəkistan Prezidentinin rəsmi saytı”na görə, ilk mərhələdə 75 meqavat istilik, 100 meqavat soyutma və 17 meqavat elektrik istehsalı gücünün yaradılması nəzərdə tutulur.

Ərazidə mehmanxanalar, restoranlar, biznes və xidmət mərkəzləri, turizm obyektləri ilə yanaşı, “Yeni Özbəkistan” Universiteti, Özbəkistan Milli Kitabxanasının yeni kompleksi, elmi laboratoriyalar, multimedia və sərgi mərkəzləri, muzeylər, idman qurğuları və tələbə şəhərciyi yaradılır. İyulda açıqlanan rəsmi məlumata görə, “Yeni Özbəkistan” Universitetinin yeni kampusu 50 hektarlıq ərazidə inşa olunur və 10 min tələbə üçün nəzərdə tutulub.

Meqalayihənin ən böyük yaşayış obyektlərindən biri “Şərq Baharı” kompleksidir. 95 hektarlıq ərazidə salınan kompleksdə təxminən 15 min mənzilin tikilməsi planlaşdırılır. Ərazidə yaşıl zonalar, günəş panelləri, müstəqil istilik-soyutma sistemləri və yeraltı dayanacaqların yaradılması nəzərdə tutulub.

“Yeni Daşkənd”in təməli 2023-cü ildə qoyulub. Layihədə “yaşıl”, “ağıllı”, təhlükəsiz və “15 dəqiqəlik şəhər” prinsiplərinin tətbiqi nəzərdə tutulur. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev daha əvvəl layihənin ölkənin yeni urbanizasiya strategiyasının əsas nümunələrindən biri olduğunu bildirib.