Ehud Barak: “Netanyahu Türkiyə ilə təhlükəli eskalasiyaya gedir”

İsrailin sabiq baş naziri Ehud Barak Benyamin Netanyahunun Türkiyə ilə gərginliyi qəsdən artırdığını və bunun siyasi məqsədlərlə bağlı olduğunu iddia edib. Suriya son günlər Ankara-Təl-Əviv qarşıdurmasının əsas nöqtəsinə çevrilib.

37

İsrailin sabiq baş naziri Ehud Barak Baş nazir Benyamin Netanyahunu Türkiyə ilə münasibətlərdə gərginliyi qəsdən artırmaqda ittiham edərək bu siyasəti “düşüncəsiz və axmaq” adlandırıb.

MSNews.az xəbər verir ki, Barak “X” sosial şəbəkəsindəki açıqlamasında yaranmış vəziyyətin İsraildə keçiriləcək seçkilər öncəsi təhlükəsizlik narahatlığını artırmaq məqsədi daşıdığı qənaətində olduğunu bildirib.

Bu barədə “Anadolu Agentliyi” məlumat yayıb.

Barak Türkiyənin İran və ya Bəşər Əsəd dövründəki Suriya ilə eyniləşdirilməsinin doğru olmadığını vurğulayıb. Onun fikrincə, Ankara ilə yaranan strateji problemlərin ABŞ-la koordinasiya olunmuş diplomatik və qeyri-açıq kanallar vasitəsilə həlli, yumşaldılması və ya təxirə salınması mümkündür. Sabiq baş nazir Netanyahunun artıq İsrailin təhlükəsizliyindən daha çox siyasi hakimiyyətdə qalmaq uğrunda mübarizə apardığını iddia edib.

Barak həmçinin son illərdə İsrailin təhlükəsizlik və diplomatik mövqelərinə ciddi zərər dəydiyini, əlavə eskalasiyanın isə gələcəkdə ölkənin özünə qarşı “bumeranq” effekti yarada biləcəyini bildirib.

Açıqlamalar İsrailin avqustun 18-də Suriyanın şimal-qərbindəki Əbu əz-Zuhur aviabazasına zərbələrindən sonra səslənib. “Reuters” yazır ki, İsrail bazada Türkiyə hərbçilərinin yerləşdirilə biləcəyini öz təhlükəsizliyinə təhdid sayıb. Türkiyə isə bazada hərbçilərinin olmadığını bildirib və hücumu Suriyanın suverenliyinin pozulması kimi qiymətləndirib. Suriya da daimi Türkiyə bazasının yaradılması planının olmadığını açıqlayıb.

SETA-nın xarici siyasət araşdırmaları direktoru Murat Yeşiltaş da Türkiyə-İsrail rəqabətinin əsas meydanlarından birinin Suriyaya çevrildiyini uzun müddətdir vurğulayır. “SETA” üçün hazırladığı analizdə Yeşiltaş İsrailin hərbi müdaxilələri davam edərsə, iki ölkənin “qarşıdurma qaydalarının” sınağa çəkilə biləcəyini, lakin birbaşa toqquşma ehtimalının hələ aşağı olduğunu qeyd etmişdi. Son Əbu əz-Zuhur hücumunu şərh edərkən isə o, ABŞ-nin Ankara ilə Təl-Əviv arasında gərginliyin azaldılmasında rol oynaya biləcəyini bildirib.

Vaşinqton da mümkün hərbi insidentlərin qarşısını almağa çalışır. “Reuters”-in məlumatına görə, ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak Türkiyə, İsrail və Suriya arasında birbaşa kommunikasiya və dekonfliktasiya mexanizminin yaradılması üzərində işlədiklərini açıqlayıb.