Polşanın mərkəzində yerləşən kiçik Konotopie kəndində Avropanın ən hündür Məryəm Ana heykəli təqdis edilərək ziyarətçilərin istifadəsinə verilib.
MSNews.az xəbər verir ki, mərasim avqustun 15-də – katoliklərin Məryəmin Göyə Qaldırılması bayramında keçirilib. “Associated Press”-in məlumatına görə, 55,6 metr hündürlüyündə olan monument təxminən 150 nəfərdən az əhalisi olan kəndin üzərində ucalır.
Abidənin özünün hündürlüyü 40,6 metr, tac formasında hazırlanmış postamenti isə 15 metrdir. Postamentin daxilində ziyarətçilər üçün panoramik müşahidə meydançası yaradılıb. Monumentin rəsmi saytında da ümumi hündürlüyün 55,6 metr olduğu təsdiqlənir.
Heykəlin inşasını Polşanın tanınmış iş adamlarından Roman Karkosik və həyat yoldaşı Qrajina Karkosik maliyyələşdiriblər. Layihə onların Allaha minnətdarlıq əlaməti kimi təqdim olunur. “Vatican News” bildirir ki, monument “Mərhəmətli Məryəm Ana”ya həsr edilib və ərazinin yeni ziyarət məkanına çevrilməsi nəzərdə tutulur.
Açılış və təqdis mərasimində yüzlərlə insan, o cümlədən Polşanın sabiq prezidenti və “Solidarnost” hərəkatının lideri Lex Valensa iştirak edib. Tədbir zamanı dini ayin keçirilib, “Mazowsze” folklor ansamblı çıxış edib.
“Reuters” abidəni Avropanın ən böyük Məryəm Ana monumenti kimi təqdim edir və onun bölgənin mühüm dini və turistik məkanlarından birinə çevrilməsinin gözlənildiyini yazır.