Moskvada azərbaycanlı diaspora nümayəndəsinin deportasiyası və Azərbaycan Baş Prokurorluğunun üç Rusiya vətəndaşı barəsində axtarış elan etməsi Bakı-Moskva münasibətlərində yeni gərginlik ehtimalını yenidən gündəmə gətirib.
QAFSAM-ın eksperti Novruzəli Yusubzadə MSNews.az-a açıqlamasında bildirib ki, son hadisələrə Azərbaycan-Rusiya münasibətlərində ayrıca epizodlar kimi deyil, Cənubi Qafqazda gedən daha geniş geosiyasi rəqabətin tərkib hissəsi kimi baxmaq lazımdır.
Ekspertin fikrincə, Vətən müharibəsi və antiterror tədbirlərindən sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam bərpa etməsi ölkənin regional mövqeyini də dəyişib.
“Azərbaycan artıq Qafqaz uğrunda gedən proseslərdə yalnız obyekt deyil, müstəqil subyekt kimi çıxış edir. Regionda yeni müstəqil oyunçunun meydana çıxması və bunun Rusiya, İran kimi ənənəvi güclər tərəfindən qəbul edilməsi asan proses deyil”, – Yusubzadə qeyd edib.
Onun sözlərinə görə, Bakı bir tərəfdən Şimal-Cənub nəqliyyat dəhlizi, Xəzər dənizində əməkdaşlıq və “3+3” formatı kimi layihələrlə regional əməkdaşlığı təşviq edir, digər tərəfdən isə milli maraqlarına toxunan məsələlərdə qarşılıqlılıq prinsipindən istifadə edir.
“Azərbaycan üçün qonşularla adekvat və proqnozlaşdırıla bilən münasibətlər prioritetdir. Ancaq Cənubi Qafqaz kimi böyük güclərin maraqlarının toqquşduğu regionda geri addım atmaq bəzən əlavə risklər yarada bilər. Rasional dialoqun nəticə vermədiyi hallarda Bakı qarşılıqlılıq prinsipinə keçir”, – ekspert bildirib.
Yusubzadə hesab edir ki, Rusiya ilə münasibətlərin zaman-zaman gərginləşib daha sonra liderlər səviyyəsində normallaşması da məhz bu rəqabətin nəticəsidir.
“Bakı ilə Moskva arasında münasibətlərin ziqzaqvari xarakter alması geosiyasi toqquşmadan qaynaqlanır. Qafqaz uğrunda müstəqil rəqabət mövcuddur. Müəyyən məsələlər bu rəqabəti açıq şəkildə üzə çıxarır, daha sonra isə münasibətlər yenidən siyasi dialoq yolu ilə normal məcraya qaytarılır”, – QAFSAM eksperti vurğulayıb.
Onun fikrincə, Rusiya-Ukrayna müharibəsinin davam etməsi Moskvanın postsovet məkanına və Cənubi Qafqaza münasibətinə də təsir göstərdiyindən, Azərbaycan-Rusiya xəttində bu tip periodik gərginliklərin yaxın perspektivdə tamamilə aradan qalxacağını gözləmək çətindir.