Möttəki: “ABŞ bazalarından birini ələ keçirsək, müharibənin taleyini həll edərik”

İranın keçmiş xarici işlər naziri Mənuçöhr Möttəki ABŞ-la mümkün quru müharibəsi zamanı İraq, Küveyt və ya Bəhreyndəki Amerika bazalarından birinin ələ keçirilməsini təklif edib.

60

İranın keçmiş xarici işlər naziri və hazırda Tehranı parlamentdə təmsil edən Mənuçöhr Möttəki ABŞ-la mümkün quru qarşıdurması zamanı regiondakı Amerika hərbi bazalarından birinin ələ keçirilməsinin müharibənin gedişini dəyişə biləcəyini bildirib.

MSNews.az xəbər verir ki, Möttəki bu fikirləri avqustun 17-də İran parlamentinin Araşdırmalar Mərkəzinin təşkil etdiyi regional nizam və Hörmüz boğazındakı proseslərə həsr olunan tədbirdə səsləndirib. Bu barədə İranın dövlət agentliyi “IRNA”“Mehr News” məlumat yayıb.

Möttəki ABŞ-ın İranla quru müharibəsinə gedə biləcəyi barədə fikirləri “blef” adlandırıb. Onun sözlərinə görə, İran üçün quru müharibəsi İraq, Küveyt və ya Bəhreyndə yerləşən ABŞ bazalarından birinin ələ keçirilməsi anlamına gələ bilər.

“ABŞ bazalarından birini ələ keçirsək, dünyanın ən böyük imperialist ordusu ilə müharibənin taleyini həll etmiş olarıq”, – Möttəki bildirib.

“Gulf News” qeyd edir ki, Möttəki son aylarda da oxşar təkliflərlə çıxış edib və regiondakı ABŞ bazalarının ələ keçirilməsini Vaşinqtona qarşı təzyiq vasitəsi kimi təqdim edib.

Möttəki 2005–2010-cu illərdə Mahmud Əhmədinejadın prezidentliyi dövründə İranın xarici işlər naziri olub. Hazırda o, Tehran seçki dairəsini İran parlamentində təmsil edir.