Tramp ABŞ–Cənubi Koreya təlimlərini azaltmağı əmr etdi

Donald Tramp Kim Çen Inlə münasibətlərini və təlimlərin yüksək xərcini əsas gətirərək ABŞ–Cənubi Koreya “Ulchi Freedom Shield” hərbi təlimlərinin miqyasının əhəmiyyətli dərəcədə azaldılmasını tapşırıb.

57

ABŞ Prezidenti Donald Tramp Cənubi Koreya ilə keçirilən “Ulchi Freedom Shield” birgə hərbi təlimlərinin miqyasının əhəmiyyətli dərəcədə azaldılması barədə Pentaqona göstəriş verib. Tramp qərarını təlimlərin yüksək xərcləri və Şimali Koreya lideri Kim Çen Inlə “çox yaxşı münasibətləri” ilə əsaslandırıb.

Bu barədə “Reuters” məlumat yayıb.

MSNews.az xəbər verir ki, Tramp “Truth Social”da ABŞ-ın bu təlimlərdə iştirak etməyə əvvəlcədən razılıq verməsindən narazı olduğunu bildirib. Prezidentin sözlərinə görə, manevrlər yalnız baha başa gəlmir, həm də onun hakimiyyətdə olduğu müddətdə “təhlükə yaratmayan və hörmət nümayiş etdirən” Şimali Koreyaya “yersiz və düşmənçilik mesajı” göndərir.

Tramp təlimləri tam ləğv etmək üçün artıq gec olduğunu bildirərək müdafiə naziri Pit Heqsetə onların miqyasını “əhəmiyyətli dərəcədə azaltmağı” tapşırdığını açıqlayıb.

ABŞ və Cənubi Koreyanın illik “Ulchi Freedom Shield” təlimləri avqustun 17-də planlaşdırıldığı kimi başlayıb və avqustun 27-dək davam etməlidir. Təlimlərə təxminən 18 min Cənubi Koreya hərbçisi cəlb olunur. Ssenarilərə pilotsuz uçuş aparatları, GPS siqnallarının pozulması, kiberhücumlar və digər müasir döyüş təhdidlərinə qarşı hazırlıq daxildir. Seul və Vaşinqton təlimlərin müdafiə xarakterli olduğunu bildirirlər.

Şimali Koreya isə ənənəvi olaraq bu manevrləri hücum hazırlığı kimi qiymətləndirir. Pxenyan təlimlər ərəfəsində onları “təcavüzkar müharibənin məşqi” adlandıraraq cavab tədbirləri ilə hədələyib. Bununla yanaşı, Şimali Koreya avqustun əvvəlindən iki ballistik raket buraxıb.

Tramp açıqlamasında Cənubi Koreya ilə bağlı başqa narazılığını da dilə gətirib. O bildirib ki, Prezident Li Ce Myondan Seulun ABŞ-a “İran İslam Respublikasının nüvəsizləşdirilməsində” qoşulmaq istəyib-istəmədiyini soruşub və “Xeyr, təşəkkürlər” cavabı alıb. Cənubi Koreya tərəfi Trampın bu söhbətlə bağlı versiyasına dərhal açıq münasibət bildirməyib.