ABŞ Prezidenti Donald Tramp administrasiyasının Ağ Ev kompleksində həyata keçirməyi planlaşdırdığı tikinti və modernləşdirmə layihələrinin ümumi dəyəri azı 927 milyon dollara çata bilər. Sənədlərə görə, maliyyənin böyük hissəsi federal vəsaitlərdən formalaşdırılıb.
MSNews.az xəbər verir ki, “The Washington Post” məxfi müqavilələr, planlaşdırma və büdcə sənədlərini araşdıraraq administrasiyanın Ağ Ev ərazisindəki layihələr üçün ən azı 927 milyon dollar nəzərdə tutduğunu müəyyən edib. Buraya Şərq qanadındakı yeni bal zalı, helikopter meydançası, Lafayet meydanında dəyişikliklər, yeni ziyarətçi yoxlama mərkəzi və digər işlər daxildir.
Vəsaitlərin böyük hissəsi Ağ Evin gündəlik təmiri üçün istifadə edilən “White House Repair and Restoration” hesabına yönəldilib. Konqres son illərdə bu hesaba ildə təxminən 2,5 milyon dollar ayırdığı halda, Trampın ikinci prezidentlik müddətinin başlamasından bəri hesaba ümumilikdə 875 milyon dollar köçürülüb.
Sənədlərə görə, həmin məbləğin 500 milyon dolları ABŞ Məxfi Xidməti və Ağ Evin Hərbi İdarəsinin vəsaitlərindən, 305 milyon dolları özəl ianələrdən formalaşıb. Daha 70 milyon dolların mənbəyi araşdırılan sənədlərdə göstərilməyib. Məxfi Xidmətdən gələn ümumilikdə 415 milyon dolların böyük hissəsi iyun ayında təmir hesabına yönəldilib.
Administrasiyanın əsas layihəsi Ağ Evin sökülmüş Şərq qanadının yerində nəzərdə tutulan 90 min kvadratfutluq yeni bal zalıdır. “The Washington Post”un son hesablamasına görə, bütövlükdə Şərq qanadı layihəsinin dəyəri təxminən 600 milyon dollara, bunun vergi ödəyicilərinin üzərinə düşəcək hissəsi isə təxminən yarısına çata bilər. Bununla yanaşı, Ağ Ev bal zalının özünün təxminən 400 milyon dollarlıq hissəsinin Tramp və digər özəl donorlar tərəfindən maliyyələşdirildiyini bildirir.
Layihə hazırda hüquqi maneə ilə üzləşib. ABŞ-ın Kolumbiya Dairəsi üzrə Federal Apellyasiya Məhkəməsi avqustun 7-də yerüstü bal zalı tikintisinin Konqresin razılığı olmadan davam etdirilə bilməyəcəyinə dair aşağı instansiya məhkəməsinin qərarını 2:1 səs çoxluğu ilə qüvvədə saxlayıb. Hakimlər Patrisiya Millett və Bredli Qarsiya Konqresin federal mülkiyyətdə belə geniş tikinti işləri üzərində səlahiyyətə malik olduğunu bildiriblər.
Qərar bütün tikinti işlərini dayandırmır. Yeraltı milli təhlükəsizlik obyektlərinin inşası, onların qorunması üçün zəruri işlər və Ağ Evin təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş bəzi tədbirlər davam etdirilə bilər. Məhkəmə qərarının qüvvəyə minməsi administrasiyanın Ali Məhkəməyə müraciət edə bilməsi üçün 14 gün təxirə salınıb. Tramp artıq qərardan Ali Məhkəməyə şikayət edəcəyini açıqlayıb.
Ağ Ev isə layihələrin böyük hissəsinin təhlükəsizlik ehtiyacları ilə bağlı olduğunu bildirir. Administrasiya yeni kompleksdə gücləndirilmiş konstruksiyalar, PUA təhlükəsinə qarşı müdafiə imkanları və digər təhlükəsizlik infrastrukturunun nəzərdə tutulduğunu qeyd edir.
Hazırkı planlar miqyasına görə son onilliklərdə Ağ Evdə aparılmış yenidənqurma işlərini xeyli üstələyir. Harri Trumen dövründə Ağ Evin əsaslı struktur bərpasına bugünkü pulla təxminən 80 milyon dollar ayrılmışdı. Barak Obama administrasiyası isə 2009-cu ildə Şərq və Qərb qanadlarında elektrik və struktur yenilənməsi üçün bir neçə ili əhatə edən 376 milyon dollarlıq proqramı Konqresə təqdim etmişdi və maliyyə sonrakı illərdə qanunvericilər tərəfindən ayrılmışdı.
Bununla belə, 927 milyon dollarlıq məbləğin hamısının mütləq xərclənəcəyi hələ məlum deyil. “The Washington Post”un araşdırdığı müqavilələr bəzi layihələrin dəyişdirilə və ya ümumiyyətlə həyata keçirilməyə biləcəyini göstərir. İyun ayının sonunadək təmir hesabından 100 milyon dollardan çox iş üçün sifariş verilmişdi.