ABŞ İran blokadasını yarmağa çalışan gəmiyə raket zərbəsi endirib

CENTCOM İran limanlarına tətbiq olunan ABŞ dəniz blokadasını pozmağa çalışdığı bildirilən “Vela Nova” gəmisinə iki “Hellfire” raketinin atıldığını təsdiqləyib.

57

ABŞ Mərkəzi Komandanlığı — CENTCOM İran limanlarına tətbiq edilən Amerika dəniz blokadasını pozmağa çalışdığı bildirilən Panama bayraqlı “Vela Nova” konteyner gəmisinin ABŞ qüvvələri tərəfindən sıradan çıxarıldığını təsdiqləyib.

CENTCOM-un məlumatına görə, gəmi Umman körfəzi ilə İran limanlarından birinə doğru hərəkət edərkən ekipaj ABŞ qüvvələrinin istiqaməti dəyişmək barədə dəfələrlə etdiyi xəbərdarlıqlara əməl etməyib. Bundan sonra ABŞ Hərbi Dəniz Qüvvələrinin MH-60 helikopteri gəminin maşın bölməsinə iki “Hellfire” raketi buraxıb. Zərbə nəticəsində gəminin sükan sistemi sıradan çıxıb və onun İran istiqamətində hərəkəti dayandırılıb.

“Reuters” yazır ki, hadisə Pakistan sahillərindən təxminən 71 dəniz mili — 131 kilometr aralıda baş verib. Zərbədən sonra gəmidə yanğın başlayıb, lakin sonradan söndürülüb. Gəmidəki 17 ekipaj üzvünün hamısının sağ olduğu bildirilib.

“The Wall Street Journal” CENTCOM-a istinadən bildirir ki, 11 avqust vəziyyətinə ABŞ qüvvələri yenidən tətbiq edilən blokada çərçivəsində 55 kommersiya gəmisinin istiqamətini dəyişdirib, üç gəmini sıradan çıxarıb və daha ikisinin göyərtəsinə qalxıb.

Bu rəqəmlər blokadanın iyulda yenidən tətbiq edilməsindən sonrakı mərhələyə aiddir. ABŞ blokadanı ilk dəfə apreldə tətbiq etmiş, iyunda tərəflər arasında əldə edilən razılaşma fonunda dayandırmış, iyulda isə İranın Hörmüz boğazında gəmiçiliyə qarşı hücumlarının bərpasından sonra yenidən qüvvəyə mindirmişdi.

CENTCOM “Vela Nova”nın vurulmasını blokadanın icrası çərçivəsində həyata keçirilən əməliyyat kimi təqdim edir. İranla ABŞ arasında Hörmüz boğazının açılması və qarşılıqlı məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı danışıqlar isə nəticəsiz qalmaqda davam edir.