ABŞ-ın İranla nizamlanma prosesinin davamı üçün Tehrana beş əsas şərt təqdim etdiyi bildirilir.
Bu barədə İranın “Fars” agentliyi məlumat yayıb. Agentliyin iddiasına görə, Vaşinqtonun cavabı İranın daha əvvəl irəli sürdüyü təkliflərə qarşı şərtlər paketi kimi təqdim olunub.
Məlumata əsasən, ABŞ İran ərazisinə zərbələr nəticəsində dəymiş zərərə görə hər hansı kompensasiya ödəməkdən imtina edir. Vaşinqtonun digər əsas tələbi isə İrandan 400 kiloqram zənginləşdirilmiş uranın ABŞ-a çıxarılmasıdır. “Reuters” daha əvvəl yazmışdı ki, ABŞ Tehranı 400 kiloqramdan çox yüksək zənginləşdirilmiş uran ehtiyatından imtina etməyə çağırır və bunu İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün əsas şərt sayır.
ABŞ həmçinin İran ərazisində yalnız bir işlək nüvə obyektinin qalmasını, dondurulmuş İran vəsaitlərinin isə 25 faizdən çoxunun azad edilməməsini şərt kimi irəli sürüb. Bundan başqa, Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması məsələsinin ayrıca danışıqlar çərçivəsində həll olunmalı olduğu bildirilir.
İran tərəfi isə bundan əvvəl danışıqların bərpası üçün özünün beş ilkin şərtini açıqlamışdı. “Anadolu Agentliyi”nin “Fars”-a istinadən yaydığı məlumata görə, Tehran müharibənin bütün cəbhələrdə, xüsusilə Livanda dayandırılmasını, sanksiyaların ləğvini, dondurulmuş aktivlərin azad edilməsini, müharibə zərərlərinə görə kompensasiya ödənilməsini və Hörmüz boğazı üzərində İranın suveren hüquqlarının tanınmasını tələb edir.
ABŞ və İran arasında əsas fikir ayrılığı nüvə proqramı və zənginləşdirilmiş uran ehtiyatları ətrafında qalır. İranın xarici işlər naziri Abbas Araqçi Vaşinqtondan gələn ziddiyyətli mesajların etimad problemini dərinləşdirdiyini bildirib. Eyni zamanda ABŞ Prezidenti Donald Trampın İran təklifini rədd etdiyi və zənginləşdirilmiş uranın çıxarılmasını əsas tələb kimi irəli sürdüyü qeyd olunur.
Hələlik Ağ Ev bu beş şərtlə bağlı rəsmi təsdiqləyici açıqlama verməyib. Buna görə də yayılan məlumat İran mediasının iddiası kimi qiymətləndirilir.