İran və Oman Hörmüz boğazında gəmiçiliyin mərhələli şəkildə bərpası üçün yeni marşrutun coğrafi parametrləri üzrə ilkin anlaşma əldə ediblər.
MSNews.az xəbər verir ki, “Reuters” İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayiyə istinadən tərəflərin birgə bəyanat üzərində işlədiyini bildirib. Bununla belə, Tehran razılaşmanın özlüyündə boğazda tam təhlükəsizliyi təmin etməyəcəyini və mühüm detalların hələ müzakirə olunduğunu vurğulayıb.
“MS NOW” mənbələrə istinadən yazır ki, müvəqqəti çərçivənin məqsədlərindən biri daha geniş atəşkəsə və ABŞ–İran danışıqlarının yenidən başlamasına zəmin yaratmaqdır. Nəşrin məlumatına görə, gələcək razılaşmanın beynəlxalq və regional tərəflərlə əlaqələndirilməsi də nəzərdən keçirilir. Lakin bu hissələr hələ rəsmi şəkildə təsdiqlənməyib.
İran tərəfinin “Fars” agentliyinə verdiyi məlumata əsasən, müzakirə olunan variant mövcud şimal və cənub gəmiçilik marşrutlarının gələcəkdə vahid mərkəzi dəhlizlə əvəzlənməsini nəzərdə tutur .İlkin mərhələdə gəmilər İran sahillərinə yaxın şimal marşrutu ilə boğaza daxil olacaq, Oman sahillərinə yaxın cənub marşrutu ilə çıxacaq. Daha sonra bütün hərəkətin mərkəzi dəhlizə keçirilməsi, giriş trafikinin İran, çıxış trafikinin isə İran və Oman tərəfindən birgə idarə olunması təklif edilir.
Ödəniş məsələsində isə mənbələr arasında ziddiyyət var. “Fars”ın məlumatına görə, söhbət yükün dəyərindən faiz tutulmasından deyil, sığorta, yanacaq təchizatı və ekoloji xidmətlərə görə ödənişlərdən gedir. “Reuters”in yüksək səviyyəli İran mənbəsinə istinadən yaydığı məlumata görə isə Tehran yükün dəyərinin 5–7 faizi, Oman isə təxminən 3 faizi həcmində ödənişi müzakirə edir. Vaşinqton istənilən tranzit haqqına qarşıdır.
“Reuters” həmçinin sanksiyalar və sığorta məhdudiyyətləri səbəbindən mövcud təklifin gəmiçilik şirkətləri üçün praktik baxımdan ciddi çətinliklər yaratdığını qeyd edir. Beynəlxalq Dəniz Təşkilatı isə boğazdan keçidin ayrı-seçkiliksiz və maneəsiz həyata keçirilməsinin vacibliyini vurğulayıb.