Pentaqon silah sınaqları üzrə hesabatları açıq internetdən çıxarıb

Pentaqon ABŞ silah sistemlərinin sınaqları barədə onilliklərdir ictimaiyyətə açıq olan DOT&E hesabatlarını məhdud girişli şəbəkəyə köçürüb. Qərar süni intellektdən doğan təhlükəsizlik riski ilə əsaslandırılıb.

60

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) silah sistemlərinin sınaqları və onların döyüş effektivliyi barədə onilliklərdir açıq yayımlanan hesabatları ictimai internetdən çıxarıb.

MSNews.az xəbər verir ki, “Federal News Network” Pentaqonun Əməliyyat Sınaqları və Qiymətləndirilməsi Direktorluğunun — DOT&E-nin məxfi olmayan illik hesabatlarının iyulun 30-da xüsusi identifikasiya tələb edən təhlükəsiz şəbəkəyə köçürüldüyünü bildirib. Bundan sonra materiallara əsasən səlahiyyətli hərbi və dövlət əməkdaşları çıxış əldə edəcəklər.

Pentaqon qərarı süni intellekt və avtomatlaşdırılmış məlumat təhlili imkanlarının sürətlə inkişaf etməsi ilə izah edib. Nazirlik hesab edir ki, xarici rəqiblər ayrı-ayrılıqda məxfi sayılmayan məlumatları süni intellekt vasitəsilə birləşdirərək ABŞ silahlarının və müdafiə sistemlərinin zəif tərəfləri barədə ətraflı təsəvvür yarada bilərlər.

DOT&E ABŞ ordusunun əsas silah proqramlarını müstəqil qiymətləndirir və sistemlərin real döyüş şəraitində effektivliyi, etibarlılığı, sağqalma qabiliyyəti və çatışmazlıqları barədə Konqresə hesabat verir. 2025-ci il hesabatında qurumun nəzarətində 173 müdafiə proqramının olduğu göstərilib.

Qərar tənqidlərə də səbəb olub. Demokrat senator Elizabet Uorren hesabatların gizlədilməsinin silah sistemlərindəki nasazlıqların aşkarlanmasını çətinləşdirə və vergiödəyicilərinin milyardlarla dollar vəsaitinin səmərəsiz xərclənməsi riskini artıra biləcəyini bildirib. Şəffaflıq üzrə ekspertlər isə hesabatların ictimaiyyət üçün əlçatmaz edilməsinin ABŞ qanunvericiliyi ilə uyğunluğu barədə suallar qaldırıblar.

Qeyd edək ki, söhbət əvvəllər məxfilikdən çıxarılmış sənədlərdən deyil, məxfi olmayan və uzun illər ictimaiyyətə açıq yayımlanmış hesabatlardan gedir. Bəzi sənədlərin birbaşa fayl keçidləri hələ də işləsə də, Pentaqon onların rəsmi açıq giriş səhifələrini məhdudlaşdırıb.