ABŞ Prezidenti Donald Tramp Kanada ilə ABŞ arasında yerləşən Ontario gölünün adının “Amerika gölü” olaraq dəyişdirilməsini təklif edib.
MSNews.az xəbər verir ki, Tramp sosial şəbəkədə yayımlanan videoda Ontario gölündən danışaraq onun adının dəyişdirilməsi ilə bağlı fikir səsləndirib.
“Beləliklə, bu, Kanada və ABŞ-da yerləşən Ontario gölüdür, amma biz kiçik bir dəyişiklik edəcəyik. Biz onu başqa cür adlandıracağıq – artıq Ontario gölü yox. Biz onu Amerika gölü adlandıracağıq. Bunun üçün lazım olan hər şey yaxşı bir qələm və bir az ağıldır”, – Tramp bildirib.
Ontario gölü Şimali Amerikanın beş Böyük gölündən biridir və ABŞ ilə Kanada arasında yerləşir. Gölün şimal, qərb və cənub-qərb sahillərinin böyük hissəsi Kanadanın Ontario əyalətinə, cənub və şərq sahilləri isə ABŞ-ın Nyu-York ştatına aiddir.
Trampın açıqlaması onun coğrafi obyektlərin adlarının dəyişdirilməsi ilə bağlı əvvəlki təşəbbüslərini xatırladır.
2025-ci ildə Ağ Evə qayıtdıqdan sonra Tramp ABŞ federal qurumlarına Meksika körfəzinin ABŞ daxilində “Amerika körfəzi” kimi adlandırılması barədə göstəriş vermişdi. ABŞ federal qurumları yeni addan istifadə etməyə başlasa da, Meksika və digər ölkələr “Meksika körfəzi” adından istifadəni davam etdirirlər.
Ontario gölü ilə bağlı isə hələlik söhbət Trampın videoda səsləndirdiyi təklifdən gedir. Gölün rəsmi adının dəyişdirilməsi barədə hüquqi qərarın qəbul edildiyinə dair məlumat yoxdur və onun beynəlxalq səviyyədə tanınan adı Ontario gölü olaraq qalır.
Üstəlik, göl ABŞ və Kanada arasında bölüşdürüldüyündən Vaşinqtonun verdiyi mümkün ad dəyişikliyi qərarı Kanadanı avtomatik olaraq həmin addan istifadə etməyə məcbur edə bilməz.